Сайт посвященный истории Кавказского региона

пятница, 22 января 2021 г.

Türk dilində var olan “su” termini hələ əski türkcə mətnlərində qeydlərə keçmiş və çayların, göllərin, dənizlərin, digər su hövzələrinin adında yer almışdır [1, s. 512, 515]. Bilinən ən əski mətnlərdə “su” termini coğrafi adlarda hidroformant kimi çıxış edir. Buna misal olaraq kök türklərin şanlı vəziri Tonyukukun xatirəsinə həsr edilmiş runik yazılı daş kitabədə keçən Anısu adlı çayın adını çəkmək olar [2, s. 110]. Bu gün də geniş türk dünyası coğrafiyasında su hidroformantı Ağsu, Qarasu, Muradsu, Yincisu, Sarısu, Qızılsu, Batmansu, Koysu və d. çay adlarında iştirak edir. Bəzən də su hidroformantı türk coğrafiyasında bulaqların və mineral qaynaqların adlarında da yer almışdır. Məsələn Turşsu, Temirsu (Jeleznovodsk), Kızılsu (Krasnovodsk-Türkmənbaşı) və s.

Maraqlı və vacib fakt budur ki, bu türk hidroformantı Homerdən başlayaraq bir çox antik yunan səlnamə, tarixi, coğrafi əsərlərdə keçən çay adlarında da özünü göstərir. Homerin yaşama dövrü bu günkü rəsmi akademik tarixşünaslığa görə m. ö. VIII əsr kimi qəbul olunur. Lakin antik yunan səlnaməçilərinin qeydlərinə görə Homer Troya savaşlarından təxminən 100 il sonra dünyaya göz açmışdır. Troya savaşları artıq akademik tarixçilər tərəfindən də qəbul edilmiş qədim dövrə aid hadisələrdir və təxminən m. ö. XII-XIII əsrlərə aid edilir. Yəni bu tarixi faktı diqqətə aldıqda antik yazarlara görə Homer təxminən m. ö. XI əsrdə yaşamış və ölməz İliada, Odisseya əsərlərini qələmə almışdır. Onun İliadasında Qərbi Anadoluda yerləşən Qarqar dağının ətəyində Karesu, Aksu kimi su hidroformantı daşıyan hidronimlər yer almışdır. Mütəxəssislərin qənaətinə görə əldə olan İliada, Odisseya əsərləri m.ö. III əsrə aid əski yunan ədəbi dilində tərtib olunmuşdur və Homerin orijinal əsərlərinin son redaksiyası kimi qəbul olunur. Bu coğrafi adlar və türkcə su hidroformantı daha sonra yaşamış Ptolomey, Strabon və digər antik səlnaməçilərin də əsərlərində keçən çay adlarında da yer almışdır. Antik yunan yazarlarından başqa su hidroformantı bəzi qədim Assur yazılarında Azərbaycan coğrafiyası ərazisində qeydə keçmiş çay adlarında da özünü göstərir.   

Yəni ən qədim tarixi qaynaqlarda Azərbaycan və digər coğrafi bölgələrdə adı keçən bəzi çay adlarında türkcə su hidroformantı qeydlərə keçmişdir. Bu tarixi faktlar rəsmi tarixçilər tərəfindən diqqətə alınmamışdır. Halbuki qədim mənbələrdə keçən türkcə coğrafi adlar tarixin şahidliyidir və o bölgələrdə hələ qədim dövrlərdən bəri ana dili türkcə olan tayfa və xalqların məskunlaşmasının birbaşa dəlilidir. Hazırki araşdırmanın müəllifi antik mənbələrdə su hidroformantı yer alan bir düjinə çay adını təsbit etmişdir. Qaynaqlarda keçən bu çay adları Qafqaz, Anadolu, Orta Asiya və Şərqi Avropa bölgələrinə aiddir. Bütün bu çay adlarına başqa bir araşdırma yazısında yer veriləcəkdir. Hal hazırki məqalə isə m.ö. V-IV əsrə aid qaynaqda keçən Arpasu çayına həsr olunmuşdur.

Qeyd edək ki, qədim dövrlərədə şəhər və yaşayış məntəqələrinin adları zaman-zaman dəyişikliyə uğramışdır. Bir çox hallarda hakim sülalər dəyişdikcə, ya da ərazilər başqa dövlətlər tərəfindən zəbt eidldikcə, hökmdarlar tərəfindən çoğrafi məntəqələrin də isimləri yeni adlarla əvəzlənmişdir. Qəsbkarlar, işğalçılar, ya da yeni hökdarlar yaşayış məntəqələrin adlarını tez-tez dəyişərdilər. Hələ qədim Babilstan, Assur və sonra pers, yunan, makedon, Roma zamanlarında bu hallara şahidlik edilir. Lakin çay adları çox nadir hallarda dəyişkənliyə məruz qalırdı. Birincisi ona görə ki, çay hövzələri bir neçə ölkə və dövlətin ərazilərini əhatə edərdi. Ikincisi isə, qədim dövrlərdə bir çox çaylar həm də ölkələr, vilayətlər arasında hüdud və sərhəd funksiyasını daşıyırdı. Bu səbəblərdən dolayı çay adlarını dəyişmək bir çoz hallarda lazımsız və həm də məntiqsiz idi. Tarixi dövrlərdə çay isimləri ara-sıra dəyişsə də, bu hal yaşayış məntəqə adlarında müşahidə olunan kimi intensiv hal daşımırdı. Bu aspekti götürdükdə qədim mənbələrdə keçən çay adları diqqətə alınacaq çox vacib linqvistik materialdır. Xüsusən də qədim qaynaqlarda keçən türkcə coğrafi adlar, topoformant və hidroformantlar bu və ya digər coğrafi bölgələrdə türk dili daşıyıcı tayfa və xalqların o dövrdə varlığının bir başa sübutudur. Bu da artıq sadəcə mülahizələrdən fərqli pıaraq qeydə alınmış möhkəm, əsaslı tarixi faktlardır. Tarixin etdiyi bu şahidlik çağımızın bəzi akademik görüşlərinə uyğun gəlməsə də, danılmaz, inkar ediləməz faktoloji materialdır.

Arpasu çay adı bir neçə antik mənbədə keçir. Lakin zamanımıza qədər gəlib çatmış qaynaqlar arasında ilk olaraq bu hidronim qədim yunan tarixçisi və dövlət adamı Ksenofontun (yaşama tarixi m.ö. V-IV əsrlər) tarixi faktlar baxımından əvəzsiz olan tanınmış “Anabazis” əsərində qeyd olunmuşdur. Ksenofontun bu əsəri tarixi ədəbiyyatda həm də “On minlərin yürüşü”, ya da “On minlərin geri çəkilməsi”  kimi adla da tanınır. Onun əsərində keçən Arpasu çay adı Cənubi Qafqazda bilinən Arpaçaya aidir. Coğrafiyaçılar bilirlər ki, Cənubi Qafqaz bölgəsində Arpasu-Arpaçay isimli iki çay mövcuddur. Bu çayların hər ikisi Araza axıb tökülür. Adətən onları bir-birindən ayırmaq üçün Naxçıvan (ya da Şərur) Arpaçayı və Qars Arpaçayı coğrafi adları işlədilir. Qars Arpaçayı qərbdə, Naxçıvan Arpaçayı bir az şərqdə yer almışdır. Ksenofontun əsərində keçən Arpasu Qərbi Arpaçaya aiddir. Bu çay günümüzdə Türkiyə və Ermənistan arasında sərhəd funksiyası daşıyır. Sovet dövründə bu çayın adı ermənilər tərəfindən dəyişdirilərək Axuryan edilmiş və bundan sonra sovet coğrafiyaşünaslığında bu çayın adı Axuryan kimi sənədlərə salınmışdır. Halbuki çar Rusiyası dövrü arxiv sənədlərində qərbdəkinə Kiçik Arpaçay, şərqdəki isə Şərur Arpaçay kimi adlarla yer verilmişdir. Məsələn 1835-ci ildə Sankt-Peterburqda çapdan çıxmış “Zaqafqaziya coğrafiyasının statistik təsviri“ (Статистическое описание Закавказского края) koleksiyasında aşağıdakı cümlə keçir:

“... Araz çayı erməni vilayətinin Qars Paşalığı ilə sərhəddində Kiçik Arpaçayı, Abaran və Erivan nahiyələrində isə, Naxçıvan və Erivan nahiyələrinin hüduduna yaxın olan Şərur Arpaçayını qəbul edir...” ( «…Аракс принимает в себя р. Арпа-чай (малый), на границе Армянской области с Карским Пашалыком, Абаран, в Эриванской провинции, большой, или Шарурский Арпа-чай, близ которого находится пограничная черта между провинциями Эриванскою и Нахчыванскою…») [3, s. 11].

1836-ci ildə Sankt-Peterburqda nəşr olunmuş “Qafqazın o tayındakı Rusiya ərazilərinin icmalı“ (Обозрение российских владений за Кавказом) koleksiyasında isə Rusiya oxucusu üçün Arpaçayın türkcə etimolojisi də göstərilmişdir:

“Arpaçay tatarca (Azərb. türkcəsində - E. A.) “arpalı çay” anlamına gəlir. Və İrana XVII əsrdə səyahət etmiş Turneforun verdiyi məlumatlara görə çayın yuxarı axarında yabanı şəkildə bitən arpa kollarına görə bu adı almışdır. Halbuki indiki dövrdə orada artıq arpa bitmir” (Арпа-чай по-татарски значит ячмень река, и по свидетельству Турнефора, путешествовавшего в Персии в 17 веке, названа так от того, что в ее верховье произрастал дикий ячмень, которого однако же нынче вовсе нет ) [4. s. 305].

Görünür gerçəkdən nə zamansa bu bölgədə yabanı şəkildə çoxlu miqdarda dənli bitkilər bitirmiş. Bu bölgələri gəzmiş ispaniyalı səyahətçi və səfir Rui Qonzales de Klavoxunun (13??-1412) verdiyi məlumata görə “...Arazın yuxarı hövzələrində sanki səpilmiş kimi hər il öz-özünə çoxlu miqdarda çovdar bitir” [5, s. 157]. Turnefor və Rui Qonzalesin verdikləri məlumatdan aydın olur ki, Arazın qolları olan hər iki Arpaçayın adı buralarda yabanı şəklində bol miqdarda bitən dənli bitkilərə görə türkcə “arpa” sözündən alınmışdır.

Professor Jozef Pitton de Turnefor (1656-1708) Fransalı botanika alimi və Paris Akademiyasının üzvü idi. Öz sahəsində Qafqazın nəbabətini tədqiq edən ilk qərb tədqiqatçısıdır.  Anadolu və Qafqaza səyahətində bu bölgələrin bitki aləmini incələmiş və kitabında təsvir etmişdir. Təbii ki, botanika üzrə alim öz təsvirlərində səhvə yol verə bilməzdi. Və Arpaçayın yuxarı hövzəsində yabanı şəkildə bitən arpa barədə onun verdiyi bilgilərə güvənmək olar.

“Levanta səyahət” kitabında Turnefor hər iki Arpaçay barədə məlumat vermişdir. Onun əsərində bu çayların adı Arpagi, Arpajo və Arpasou kimi keçir [6, s. 141, 210]. Qars Arpaçayını o Osmanlı və Səfəvi dövlətləri arasında hüdud çayı kimi qeyd edir. Yuxarıda da yazıldığı kimi bu çay indi də Türkiyə və Ermənistan arasında sərhəd funksiyasını yerinə yetirir. “Qafqazın o tayındakı Rusiya ərazilərinin icmalı“ kolleksiyasında da bu çayın sərhəd rolu daşıdığına yer verilmişdir:

“Axaltsix Paşalığındakı Arpa gölündən mənbəyini alan və qədim yazarlar tərəfindən Arpazus, ya da Qarpazu kimi adlandırılan Kiçik Arpaçayın yatağı Erivan vilayətinin qərb tərəfində yer alır və onu Qars Paşalığından ayırır”  (Малый Арпа-чай у древних Арпазусь, или Гарпазу который выходит из озера Арпа-гель в Ахалцихском пашалыке, и протекая в западной части Эриванской провинции, отделяет его от Карского пашалыка) [4. s. 257].

Turneforun verdiyi məlumatlardan aydın olur ki, onun dövründə Arpaçayın adı yerli əhali tərəfindən həm də Arpasu kimi adlandırılmışdır. Bu da öz növbəsində əhəmiyyət kəsb edir.  Onun bölgəyə səyahəti isə 1700-1702-ci illərə rast gəlir. Demək ki, hələ o illərdə yerli əhali arasında çayın adı Ksenofontun kitabında keçən şəkildə də tələffüz edilirdi. Ksenofont da öz növbəsində şübhə qalmayacaq şəkildə skitlər (Σκυθινων) diyarından keçən bu çayın transkripsiyasını Arpasu (Αρπασον) kimi qeyd etmişdir.

Turnefordan daha öncə Arpaçay barədə digər fransız səyahətçisi Jan Batist Tavernye  (1605-1689) də məlumat vermişdir. Onun yazdıqlarında görə “Arpasu Araza tökülən və qarların əridiyi mövsümdə keçilməsi mümkün olmayan böyük çaydır”  [7, s. 15].

Əslinə qalırsa Arpaçayın adının xalq arasında Arpasu şəklində tələffüzü hələ XIX əsrdə dərc olunmuş qaynaqlarda da qeyd olunur. Ümumiyyətlə Arpasu şəklində bu çayın adı son dönəm orta əsrlərdə yaşamış bir neçə Avropalı səyyah və mütəxəssislərin kitabında keçir. Məsələn İtaliyalı səyyah Gemelli Karyeri (1651–1725) yazır ki,  “Arpasuy öz mənbəyini Minqreliya dağlarından alır və Qarsın digər çayları ilə qarışır” [8. s. 455]. Fransalı tarixçi, dilçi və Oksford universitetinin müəllimi Piter Edmund Loran (1796-1837) tarixi coğrafiyaya həsr olunmuş öz geniş tədqiqatında qeyd edir ki, “Araza tökülən və Türkiyə ilə İran arasında sərhəd rolunu oynayan Arpasus çayını indiyə qədər Arpasu adlandırırlar” [9. s. 214]. Bir tarixçi və dilçi alimin bu qeydi və təspiti çox mühüm əhəmiyyət kəsb edir. Ingiltərəli yazar Kliment Kartvell (1743 –1808) yazır ki, “Arpasu İran hüdudlarında axan çaydır və Erivanla Tavr arasında yerləşmişdir” [10. s. 135]. Digər ingiltərəli ensiklopediyaçı alim Abraham Rees (1743 –1825) öz 45 cildlik ensiklopediyasında bu məlumatı təkrar edir [11. с. 765]. Ümumən götürdükdə çayın Arpasu şəklindəki tələffüzü hələ XIX əsrdə bir çox qərb yazar və səyahətçilərinin kitablarında keçir. Misal kimi İngiltərəli səyyah Ceyms Morierin [12, s. 302],  [13, s. 395-396], digər ingilis səyyahı Robert Potterin  [14, s. 168 ] və fransız müəllifi Pyer Joberin [15, с. 372] kitablarını nümunə göstərmək olar. Bu kitabların yazarları bölgəyə səyahət etmiş və gördüklərini, təəssüratlarını öz əsərlərində paylaşmışlar. Yəni yazdıqları qeydləri ikinci, ya da üçüncü mənbələrdən köçürməmiş, birbaşa öz müşahidələrini qələmə almışlar. Bu səbəbdən də qaynaq baxımından onların kitabları əhəmiyyət daşıyır.

Antik yunan tarixçisi Ksenofonta gəlincə onun Anabazis əsəri Kunaks döyüşü (m.ö. 401-ci il) ilə əlaqəli qələmə alınmışdır. Bu döyüş taxt uğrunda kral Əhəməni sülaləsindən gələn iki qardaş – II Artakserks və Kiçik Kuruş tərəfdarları arasında baş vermişdir. II Artakseks o dövrdə Əhəmənilər İmperiyasının nominal hökmdarı idi. Kiçik Kuruş isə Yunanıstan və Qərbi Anadolunu əhatə edən İmperiyanın qərb bölgələrinin satrapı, yəni canişini idi. Bu müharibədə Kiçik Kuruş tərəfində on mindən artıq muzdlu ellin döyüşçüsü də iştirak etmişdi. Ksenofont da gənc vaxtında bu on mindən artıq muzdlu Ellada döyüşçülərin səfində yer almışdı. Yəni o hadisələrin birbaşa iştirakçısı və şahidi idi. O bu yürüşün təfsilatını öz “Kuruşun Anabazisi” əsərində qələmə almışdır. Bu səbəbdən Anabazisin digər adı tarixi ədəbiyyatda “On minlərin yürüşü” kimi də keçir. Ksenofont Kuruş tərəfində savaşan on mindən artıq muzdlu döyüşçünün Yunanıstandan başlayaraq Anadolunun cənub bölgələri boyu  Fərat çayının yuxarı hövzəsində yerləşən Kunaks adlı yerdə baş verən meydan hərbinə qədər yürüşünü, bu döyüş zamanı muzdlu ellin əsgərlərinin savaşda aldığı mövqelərini, Kiçik Kuruş tərəfdarlarının bu döyüşdə məğlub olmasını və II Artakserksin hərbi dəstələri tərəfindən təqib olunan muzdlu ellin ordusunun daha sonra geri çəkilərək Qərbi Anadolu bölgəsinə  daxil olmasını, sonra Şimal-Şərqi Anadolu bölgələri istiqamətinə yürüşünü və ən nəhayət Qara Dənizin cənub sahil bölgələri boyu qərbə dönmələrini və Yunanıstana qayıtmalarını təsvir etmişdir. Qısası Ksenofont on mindən artıq muzdlu ellin qoşununda yer almış və Yunanıstandan başlayaraq Qafqaza qədər Anadolunun həm cənubunu, həm də şimalını dolaşan hərbi ekspedisiyasının birbaşa iştirakçısıdır. Bu səbəbdən o dövrkü hadisələrin canlı iştirakçısı və şahidi kimi onun tarixi qeydləri çox böyük əhəmiyyət kəsb edir.

Kunaks savaşından sonra az itki vermiş geri çəkilən ellin qoşunu antik Armeniya bölgəsindəki dağlıq əraziyə daxil olaraq II Artakserksin hərbi dəstələrinin təqibindən xilas olmuşdur. Sonra da təhlükəsiz yollardan keçərək Qərbi Qafqaz bölgəsinə varmışlar. Bu əraziləri gəzən Ksenofont yerli əhalinin adətləri, məişəti və coğrafi adlar barədə maraqlı məlumatlar qoymuşdur. Və sadəcə əsərinin bir yerində o Arpasu çayını xatırlamış və azacıq da olsa məlumat vermişdir. Ksenofontun anlatdığı istiqamət və koordinatlar bu Arpasu çayının Qars Arpaçayı olduğunu göstərir:

“ ... Xalubları keçdikdən sonra ellinlər eni 4 pletr olan Arpasu çayına yetişdilər. Oradan dörd keçiddən sonra ovalıqda yerləşən skitlər ölkəsi ilə 20 parasanq (fərsəng) yol qət etdilər və kəndlərə yanaşdılar; burada onlar üç gün qaldılar və ərzaq ehtiyatlarını bərpa etdilər... ” [16, IV-7.18].

Pletr üç metrə bərabər yunanca ölçü vahididir. Əslində ellinlər bu bölgəyə təsadüf nəticəsində gəlib çıxmışdılar. Səfər zamanı şərqi Anadoludan Qara Dənizə keçmək istəyən ellinlərin yerli bələdçisini bir yunan zabiti döymüşdü. Bu hadisədən sonra bələdçi qaçmış və ellinlər daha sonra yolu səhv salaraq azmışdılar. Nəticədə Araz çayına yetişmiş, onu keçdikdən sonra qərbə istiqamətlənib Arpaçayı keçərək yenidən Şərqi Anadoluya ayaq basmış və Qara Dəniz istiqamətinə üz tutmuşlar. Yəni kiçik bir səhv nəticəsində bir az şərqə tərəf dolaşaraq artıq dairə cizmiş, Arazı və qərbi Arpaçayı adlamağa məcbur olmuşlar.

Bütün bu hadisələin təfsilatımda bizi maraqlandıran məqam m.ö. 401-ci ildə bölgəni gəzən Ksenofontun türkcə çay adının qeyd etməsidir. Çayın adı onu göstərir ki, o dövrdə Arpaçay ətrafında türk dilini daşıyan tayfalar məskun idi. Böyük ehtimalla bunlar Ksenofondun adı çəkdiyi xalublar və skitlər idi. Demək ki, təxminən 2500 il ərzində məlum olan bu çay adını Ksenofontdan sonra həm də qərb alim və səyahətçiləri Turnefor (1702), Gmeli Karyeri (1719), Kliment Kratvel (1800), Ceyms Morir (1813), Abraham Rees (1819), Robert Potter, Pyer Jober (1821) Edmunt Lourent (1830) öz kitablarında qeyd edirlər.

 Ksenofontun əsərlərini rus dilinə tərcümə edən antik tarix üzrə mütəxəssis professor M. İ. Maksimovanın (1885 - 1973) bildirdiyinə görə skitlər artıq Ksenofontun zamanında Trabzondan Qafqazın içinədək şəhər və yaşayış məntələrinə sahib idilər [17, s. 274]. Ksenofontun verdiyi məlumata görə Arpasu çayı skitləri xalub tayfalarından ayırırdı. Əslində xalublar da skit tayfaları idi. Onların bir adı tibaren, digər adlarından biri isə qarqar idi. Xalub-qarqarlar antik əsərlərdə həm də Alazan skitləri kimi tanınırlar. Bunlar qarqar kimi tanınan Qafqaz Albaniyası xalqlarından biridir. Qarabağda axan Qarqar çayı, və Gürcüstanla Azərbaycan arasında axan Alazan çayı bu skit tayfalarının adı ilə bağlıdır. Bundan başqa Naxçıvandan bir az güneydə, yəni Cənubi Azərbaycanda və Şərqi Anadoluda Gərgər adlı şəhərlər var ki, onların da adları bu skit qarqarlarla bağlıdır. Bu qarqar-alazanlar antik səlnaməçilər tərəfindən Qara Dənizə axan Anadoludakı Xalis (Qızıl İrmak), İris (Yaşıl İrmak) və Termodont (Terme-Su) çaylarının hövzələrində qeyd olunurlar. Yəni tarixi Kappadokiya ölkəsinin şimal hüdudlarında.

Xalub, tibaren və qarqar adlarını təhlil etdikdə əslində sinonim mənalar daşıdıqları aşkar olunur. Qarqar termini gargaru, gurgurru, karkaru şəklində Şumer və Akkad mətnlərində yer almışdır. Hərfi anlamı da metal emalı üzrə usta, yəni “dəmirçi” deməkdir [18, s. 50, 137-138]. Bu terminin kökündə şumer ədəbiyyatında qeyd olunmuş “a-gar” (metal) sözü durur [19]. Akkad dilindəki xlb kökündən törəyən sözlərin təhlili göstərir ki, xalub termini də o anlamı verir:

ḫalpu – zirehli;

ḫalāpu – zirehləmək, bürüncləmək;

ḫalluptu – döyüşçünün silah ləvazimatı [20, s. 35-36, 46, 49].

Göründüyü kimi akkad mətnlərində xlb kökündən törəyən sözlər semantik baxımdan zireh, silah və metal emalı ilə əlaqədardır. Bu səbəbdən Homerdən başlayaraq xalub tayfalarını (χάλυβ) antik yunan səlnaməçiləri metal istehsal və emal edən tayfalar adlandırırdılar. Bunu Ksenofont da təsdiqləyir [17, V/5-1]. Xalub termini qədim yunan dili tərəfindən də mənimsənilmişdir. Əski yunanca bu söz mis, metal emalı və polad la əlaqəlidir (χαλκο’σ – mis; χάλυβδικος – polad) [21, с. 881]. Tibaren adı da bu mənanı daşıyır. Akkad mətnlərində tibarenlərin adı Tuval, ya da Tubal şəklində keçir. Onların bu şəkildə adı həm də Köhnə Ədiq kitablarında da yer almışlar. Köhnə Ədiqdəki xalqların cədvəlində Tuval, ya da Tubal adlı şəxs bu xalqın əcdadı və banisi kimi tanıdılır. Yəhudi səlnaməçisi İosif Flavi (37-100) öz “Qədim yəhudilik” əsərində qeyd edir ki, “Toval (Tubalkayn) ciddi-cəhdlə hərb sənətiylə məşğul olurdu. İlk olaraq dəmirçilik peşəsini o kəşf etmişdi” [22, I-II].  Buradan bəlli olur ki, tibaren etnonimi dəmirçiliklə əlaqəli olduğundan birbaşa qədim türkcədəki temir/tebir (dəmir) sözündən törəmişdir.

Kappadokiya bölgəsi qədimlərdə mövcud olmuş mərkəzi Xett dövlətinin ərazisidir. Və qarqar-tibaren terminləri hələ xett zamanlarında bilinirdi. İlk öncə qeyd edək ki, Xett hökmdarlarının “tabarna” şəklində titulları vardı və bu terminin də mənası mixi yazı mətnlərində dəmirçi, metal emal edən kimi göstərilir [23, s. 27]. Göründüyü kimi bu termin antik yunan mənbələrində keçən tibaren adı və türkcədəki temir/tebir sözü ilə əlaqədardır. Qədim mətinlərdən xett hökmdarlarının “tabarna” titulu həm də “qarqar” termini ilə paralel çəkilridi [ibid]. Xatırladaq ki, runik Orxon mətnlərində Az tayfalarının El Təbər hökmdar titulu mövcud idi [1, s. 171]. Bu “az” adlı türk tayfaları böyük ehtimalla Orta Asiyaya Anadolu və Qafqazdan köçmüşlər. Çünki, antik yunan yazarları Anadoluda as/az adlı skit tayfaları barədə bəzi qırıq məlumatlar vermişlər. Bu savaşçı skit tayfaları Anadoluda hələ xett dönəmində məskun idilər və Xett Konfederativ döblətində onların əsasən yaşadığı bölgə Asuva adlanırdı. Qeyd edək ki Asiya/Aziya coğrafi adı ilk olaraq Anadolunun bir hissəsinə bu as/az tayfalarına görə verilmişdi. Daha sonra bu termin bütün Anadolunu və Qafqazı əhatə etdi. Bu gün isə Asiya adı böyük bir qitəni əhatə edir. böyük ehtimalla Orta Asiyada məskunlaşan az tayfaları öz El Təbər hökmdar titulunu hələ xett hökmdarları zamanından saxlamışlar.

Bir çox antik yunan və Roma yazarları (Apolloniy, Ksenofont, Böyük Plini və d.) Kappadokiya bölgəsində, yəni əski Xett dövləti ərazisində skit tibaren tayfalarını lokalizə edirlər. Və oradaca Homerdən başlayaraq erkən antik yazarlar metal emal edən skit xalubları (χάλυβες) qeyd edirlər. Sonrakı Strabon kimi müəlliflər artıq xalub terminini Homerə ithafən cümlələrdə istifadə edir, amma daha çox qarqar sözünə üstünlük verirdilər. Yuxarıda da göstərildiyi kimi xalub, qarqar və tibaren eyni məna daşıyan kalka sözləridir. Strabon bu iskit tayfalarını həm də Alazan skitləri adlandırır və qeyd edir ki, əfsanəvi qadın savaşçı amazonların adı bu alazan sözünün təhrif edilməsi nəticəsində ortaya çıxmışdır. Fransız şərqşünası, assiroloqu və mixi yazılar üzrə mütəxəssis Frank Lenorman (1837-1883) qarqar terminini həm də katzkatz ḫasḫas, şəklində də oxuyur və bu sözü ḫas kəsmək, doğramaq feli ilə əlaqələndirir [24, s. 125]. Göründüyü kimi bu kök söz əski türkcə mətnlərdə həm kas, həm də kes şəklində qeyd olunan feli kökdür. Yəni şumer mətnlərində keçən qarqar sözü türkcə kas/kes feli kökündən törəmədir. Bu səbəbdən də Kappadokiyanın şimalında məskunlaşmış qarqar/xalub/tibaren/alazan skitlərinin adı qədim xett mətnlərində kaskas şəklində yazılmışdır. Bunlar tarix ədəbiyyatınadı “kaska” kimi keçən həmin 12 boydan ibarət xett tayfalarıdır. Sonralar antik yunan müəllifləri onları kimmer və iskit tayfaları kimi təqdim etmişlər. Xülasəsi qarqar, kaskas, katzkats, ḫasḫas sözləri türkcədəki kas/kes feli kökündən, tabarna və tibaren terminləri isə, türkcədəki temir/tebir sözündən törəmədir. Qeyd edək ki, Qərbi Anadolu Gelibolu yarımadasında, yəni Troya coğrafiyasında yerləşən Qarqar dağı bu gün Türkiyədə xalq tərəfindən Qaz dağı adlanır. Yəni türkcədə -r-z səs rotasiyasını da bu halda göz önünə almaq mütləqdir.

Ksenofont bu xalub tayfalarını həm Kappadokiyanın şimalında Qara Dəniz sahillərində, bir qismini isə Arpasu çayının sahilində yerləşdirir. Bu Arpasu çayı xalubları Ksenofontun “skutin” adlandırdığı digər skitlərdən ayırırmış. Ümumiyyətlə həm antik yunan səlnaməçiəri, həm Urartu, həm də Assur mətnlərində Kür-Araz hövzəsində çox saylı sak-skit boyları barədə məlumatlar vardır. Və təbii ki, bu çoxsaylı sak-skit boyları sonradan qeybə çəkilməmişlər.

Arpa sözü ən əski türkcə mətnlərdə yer almışdır [1, s. 53]. Çay sözü də Ataçay, Gilgilçay, Körpüçay, Qaraçay, Ağçay, Acıçay, Quruçay hidronimlərin adında hidroformant kimi çıxış edir. Bu hidroformant əsasən Qafqaz bölgəsindəki çay adlarında özünü biruzə edir. Geniş türk coğrafiyasında böyük ölçüdə istifadə olunmur. Məlum olan türkcə mətnlərdə yalnız XIII əsrdən sonra qeydlərə keçmişdir. Bilinən mətnlər arasında ilk dəfə olaraq 1312-ci ildə ərəb filoloqu Əsiruddin Əbu Hayyan tərəfindən hazırlanmış “Kitabül İdrak li Lisani Ətrak” adlı türkcə sözlükdə qeyd olunmuşdur. Bu əsərdə “çay daşı” ifadəsi yer almışdır [25, s. 47]. Yəni Ksenofont dövründən bu yana XIX əsrə qədər Arpasu kimi tanınan çay adında bir türkcə hidroformant digərini əvəz etmiş və çayın adı Arpaçay şəklinə dönmüşdür. Mahiyyət etibarı ilə bu da heç nəyi dəyişmir. Istənilən halda bizim əlimizdə təxminən 2500 il bundan əvvəl bölgədə təsbit olunmuş türkcə coğrafi ad vardır. Bu fakt isə türklərin Anadolu və Qafqaza ilk olaraq orta əsrlərdə gəlib yerləşdiyi barədə tarixi tezisi alt-üst edir. Yəni o dövrdə həmin bölgədə türklər var olmuşlar. Böyük ehtimalla bu türklər Ksenofontun xatırladığı skitlərdi. Skitlər və yaxud sakların yaşadığı həmin ərazinin adı Urartu çarı I Argiştinin mətnlərində  (m.ö. VIII ə.) İşkuqulu adlandırılır [26, c. 617, 631]. Bu da Assur mətnlərində keçən Aşquz/İşquz torpağıdır. Yəni oğuz boylarıyla əlaqəlidir.

Bütün bu qeydlərdən sonra təbii olaraq bir sual doğur. Neçə olur ki, günümüzün antik tarix üzrə mütəxəssisləri Ksenofontda keçən Arpasu çayının türkcə etimolojisini sezmədilər? Ya da niyə bu Arpasu çayının qərbi Arpaçay olduğunu qəbul etmirlər? Deyəlim ki, antik tarix üzrə mütəxəssislər türk dili ilə yaxşı tanış deyillər. Lakin Ksenofontda keçən Arpasu çayı həm coğrafi koordinatlarına, həm də adına görə Qərbi Arpaçayla üst-üstə düşür.

Məsələnin bu yönünü araşdırdıqda aşkar saxtakarlıqla üzləşirsən. Çünki sovet dönəmində antik tarix üzrə mütəxəssislər Ksenofontun Arpasuyunu qərbi Arpaçayla deyil daha qərbdə yerləşən və Qara Dənizə tökülən Çorox çayı ilə eyniləşdirirdilər. Halbuki antik çağ qaynaqlarında Çorox çayının adı Akampsis kimi keçir. Və heç bir mətndə bu çayın adı Arpasu kimi qeyd olunmamışdır. Bundan başqa Ksenofontun yazdıqlarına və göstərdiyi istiqamətlərə görə Arpasuyu heç bir vəchlə Çorox çayı ilə eyniləşdirmək mümkün deyil. Bütün bunlara baxmayaraq qəribə də görünsə sovet tarixçiləri Ksenofontun Arpasuyunu Çorox çayı ilə eyniləşdirməyə davam edirdilər.

Misal üçün Yerevan universitetinin və Ermənistan SSR EA Geologiya institunun professoru Konstantin Paffelqonts öz “On minlərin geri çəilkdikləri yollar” əsərində elm aləmini Ksenofontun Arpasu çayının Çoroxla eyni olduğuna inandırmağa çalışırdı [27, s. 82]. Və sovet tarix elmi bu nəticəylə razılaşmışdı. Halbuki Ksenofontda keçən Arpasu çayı həm adı, həm də Ksenofontun cizdıyi səmt baxımından qərbi Arpaçayla üst-üstə düşür. Bundan başqa onminlik qoşunun Çorok çayını keçməsi imkansızdı. Çünki Çorox çayı sıldırım dağlar arasında axan çox sürətli, gur çaydır. Və eni də qərbi Arpaçaydan daha genişdir. Bu qədər insanın öz ağır zirehləri, atları, yük heyvanları və təchizat arabaları ilə sıldırım dağlar arasında gur axan geniş çayı sağ-salamat adlamları fantastik görünür və ağlabatan deyil. Ksenofontun yazdığına görə ellinlər Arpasu çayını keçdikdən sonra təxminən 100-120 km (20 parasanq) ovalıqla irəlilədilər. Paffenqoltsun bərpa etdiyi marşrut üzrə isə on minlər Çorox çayı boyu 200-250 km irəliləmişlər. Halbuki Çorox çayı boyunda mənsəbindən başqa heç bir ovalıq mövcud deyil və o sıldırım dağlar arasında dar, keçilməsi çətin olan cığırlarla on minlik qoşunun bütün təchizatı və yük heyvanlarıyla 200-250 km yol alması imkansızdır.

Ermənistan SSR baş geoloqundan fərqli olaraq Avropada bir çox peşəkar alimlər Ksenofontda keçən Arpasu çayının qərbi Arpaçayla eyni olduğunu demək olar ki, yekdilliklə qəbul ediblər. Turnefor, Tavernye, Gmeli Karyeri, Kliment Kratvel, Ceyms Morir, Abraham Rees, Robert Potter, Pyer Jober,  Edmunt Lourent kimi qərb səyyah və alimlərin bu barədə nəticələrinə toxunmuşduq. Onlar şübhə etmədən Ksenofontda keçən Arpasu çayının qərbi Arpaçayla eyni olduğunu qəbul edirdilər. Aşağıda isə bu fikirlə yekdil olan tarix və tarixi coğrafiya üzrə qərb mütəxəssislərinin adları və onların tədqiqatlarından nümunələr gətiriləcək. Sovet alimlərindən fəqrli olaraq onlar  Ksenofontda keçən Arpasu çayının qərbi Arpaçayla eyni olduğunu dəlillərlə ortaya qoyurlar:

Ingilis tarixçisi, tanınmış kartoqraf, tarixi coğrafiya üzrə bir çox elmi əsərlərin müəllifi Con Entoni Kramer (1793 –1848) öz “Kiçik Asiyanın coğrafi və tarixi təsviri” əsərində qeyd edir ki, Araza tökülən Arpasu ilə Ksenofontun kitabında keçən Arpasu eyni çaydır [28, s. 296-297].

Yüksək dəqiqliyi ilə seçilən yüz otuzdan artıq iri həcmli atlas və xəritələrin müəllifi olan digər ingilis kartoqrafı Aaron Arrousmit (1750–1823) də öz “Qədim coğrafiyanın qrammatıkası” əsərində on minlərin adladığı Arpasu ilə Araza tökülən Arpasu çaylarının eyni olduğunu əminliklə qeyd edir [29, s. 214].

Amerikalı kartoqraf və tarixi coğrafiya üzrə mütəxəssis Robert Mayo (1784-1864) “Qədim coğrafiyanın xülasəsi” əsərində yazır ki “Harpasou (qərbi Arpaçay – E. Ə.) çayının adına gəldikdə isə, o Ksenofontda keçən və Arazı adladıqdan sonra qarşılarına çıxan Harpasus çayının adından heç nə ilə fərqlənmir [30, s. 180].

Fransız alimi, Oksford Universitetinin professoru, dilçi və tarixi mətnlərin gözəl bilicisi Piter Edmunt Loran (1796-1837) “Qədim coğrafiyaya giriş” əsərində qeyd edir ki “Ksenofontun kitabında adı keçən Arpasus çayını bu günədək Arpasu adlandırırlar. Bu çay Araza axıb tökülür” [31, s. 214].

Ondan daha öncə yaşamış digər fransız kartoqraf, tarixi coğrafiya üzrə mütəxəssis Jan Batist D'Anvil (1697 – 1782) “Qədim coğrafiya üzrə rəhbərlik” kitabında yazır ki, “Qarsın yanından keçən və Araza axıb tökülən Arpasu çayı Ksenofontun qeyd etdiyi Arpasu çayıdır” [32, s. 357]

Digər ingilis alimi, leksikoqraf və antik ədəbiyyat üzrə mütəxəssis Ser Uilyam Smit (1813 –1893)  öz “Yunan və Roma coğrafiyası üzrə lüğət” kitabında Ksenofontda keçən Arpasu çayının Qars Arpaçayı ilə eyni olduğunu təsdiq edir [33, s. 1031].

Fransız tarixçisi Antoni de La Martinyer (1683-1746) bir çox alimlərdən daha əvvəl “Coğrafiya və tarix üzrə böyük lüğət” kitabında Qars Arpasuyu ilə Ksenofontda keçən Arpasu çayını eyniləşdirir [34, с. 428-429].

Ingilis tarixçisi, coğrafiyaçısı, tarixi coğrafiya üzrə bir çox kitabların müəllifi Ceyms Rennel (1742-1830) də “Kuruşun ekspedisiyasının tarixi” əsərində Qars Arpasuyu ilə Ksenofontda keçən Arpasu çayını eyniləşdirir [ 35 s. 218-219].

Əlbəttə, Qars Arpaçayı ilə Ksenofontun kitabında adı keçən Arpasuyu eyniləşdirən Qərbin tarixi coğrafiya üzrə mütəxəssilərinin siyahısını uzun-uzadı davam da etdirmək olar. Lakin məsələnin mahiyyətini təsvir etmək üçün yuxarıda sadalanan alimlərin adları yetərlidir. Qərbdə sadəcə kartoqraflar və tarixi coğrafiya üzrə mütəxəssilər deyil, bir çox antik tarix araşdırmaçıları Ksenofontun on minlərinin getdiyi yol və səmtləri tədqiq etmişlər.   Bəzən bu yolların istiqamətini təhlil edənlər Şərqi Anadoluda keçilmiş yolların istiqamətində fikir ayrılığına da yol verirdilər. Maraqlı burasıdır ki, Ksenofontun on minlərinin yürüşünü araşdıranlar arasında Amerika Birləşmiş Ştatlarının tarixdə ikinci prezidenti, ABŞ müstəqillik bəyannaməsinə imza atan Con Adams (1735-1826) da olmuşdur. Qeyd edək ki, Con Adams peşəkar tarixçi və filosof  kimi tanınırdı. O, Ksenofontun on minlərinin yürüşünə iki cildlik “Kuruşun ekspedisiyası və on minlərin geri dönüşü” adlı tədqiqat həsr etmişdir. Və bu əsərində o da Qars Arpasu çayını Ksenofontun Arpasuyu ilə eyniləşdirir [36, s. 324-325].

Ksenofontun Anabazis əsəri ümumən götürdükdə antik tarix araşdırmaçıları arasında çox populyar idi. Çünki bu əsərin müəllifi yazdıqlarına birbaşa şahidlik etmiş və bu baxımdan onun ötürdüyü məlumatlar çox böyük maraq kəsb edir. Bu səbəbdən də bir çox antik tarix üzrə mütəxəssislər onun bu əsərini incələmiş və təhlil etmişlər. Təbii ki, qərbli mütəxəssilər arasında da Ksenofontun Arpasu çayını lokalizə edərkən fərqli fikirlər yürüdənlər də olmuşdur. Məsələn tanınmış alman şərqşünası və assiroloqu Karl Ferdinand Leman-Haupt (1861-1938) da öz növbəsində Ksenofontun Arpasu çayını Çorox ilə eyniləşdirir [37, s. 243–260]. Lakin burada qeyd etməliyik ki, Leman-Haupt tarixi coğrafiya üzrə mütəxəssis deyildi. Və bu məsələdə uzman kartoqrafların fikri daha keçərlidir. Elə Paffenqolts da Leman-Hauptun bu qənaətindən bərk yapışmışdı.

Bu məsələ üzrə başqa görüşlər də mövcuddu. Məsələn müasir ingilis tədqiqatçısı, qədim yunan fəlsəfəsi üzrə mütəxəssis Robin Uoterfild Ksenofontun qeyd etdiyi Arpasuyu Fəratın yuxarı qollarından olan Qarasu çayı ilə eyniləşdirməyə cəhd edir. Doğrudur burada Uoterfild öz qənaətini ehtiyyatla dilə gətirir [38, s. 151]. Lakin çağdaş araşdırmaçılar arasında Türkiyə tarixinə yaxşı bələd olan Şotlandiyalı Patrik Belfur (Lord Kinros) kimi mütəxəssislər də vardır. O tərəddüd etmədən Ksenofontun Arpasu çayını Qars Arpasu çayı ilə eyniləşdirir və əlavə olaraq da çayın türkcə “arpalı su” etimolojisini də qeyd etməyi unutmur [39, с. 67].

Iordanis Paradeisopoulosun Siciliyalı Diodorun təsvirinə görə On minlərin Araz və Arpasu hövzəsindəki yürüşün istiqaməti barədə tərtib etdiyi xəritə.

Mövzu üzrə müasir araşdırmaçılar arasında antik yunan ədəbiyyatı üzrə Yunanıstanlı mütəxəssis İordanes Paradisopulos seçilir. O Ksenofontun Anabazisinə həsr etdiyi bütün tədqiqatlarında Ksenofontun Arpasu çayının Qars Arpasu çayı olduğunu dəfələrlə vurğulayır. Məsələn “Ksenofontun Anabazisi üzrə xronoloji model” adlı əsərində Paradisopulos ona qədər mövzunu tədqiq edən bir çox araşdırmaçıların kitablarını incələyərək və Ksenofontdan başqa m.ö. II əsrdə fəaliyyət göstərmiş digər antik səlnaməçi Siciliyalı Diodorun da əsərində keçən məlumatları ələ alaraq, bir daha Ksenofontun Arpasu çayını Qars Arpasu çayı ilə eyni olduğunu əminliklə qeyd etmişdir [40, s. 647-664]. Bundan başqa həmin əsərində Paradisopulos Ksenofontun Arpasu çayını Çorox çayı ilə eyni olduğu düşüncəni sərt tənqid edərək bu fikrin heç bir əsaslara dayanmayan yanlış nəticə olduğunu vurğulamışdır. Digər “Ksenofontun Anabazisində yollar və fərsənglər” əsərində Paradisopulos on minlərin Şərqi Anadoluda keçdiyi yolları təhlil edərək bir neçə alternativ istiqamət göstərmişdir. Lakin hər birində Ksenofontun Arpasu çayını Qars Arpasu çayı ilə eyni olduğunu qeyd etmişdir [41, s. 234-239]. Əminliklə söyləmək olar ki, yunan dilinə vaqif olan İordanes Paradisopulos mövzu üzrə həm antik, həm də son dönəm tarixçi, coğrafiyaçı mütəxəssislərin əsərlərini gözəl şəkildə incələyərək təhlil etmiş və Ksenofontun Arpasu çayını identifikasiya edərkən tutarlı dəlillərə əsaslanmışdır.

Qərbi Arpaçayın adını Axuryan kimi dəyişdirərkən erməni xadimləri növbəti dəfə bölgədəki türk tarixinin izlərini silməyə cəhd etmişlər. Qeyd edək ki, bölgədə antik dövrə aid türkcə etimilojisi olan digər coğrafi adlar da mövcud olmuşdur. Bu coğrafi adlar akkad və antik qaynaqlarda qeydlərə keçmişlər. Bəziləri hətta klassik erməni mətnlərində də vardır. Bu coğrafi adların hər birinə ayrıca araşdırma materialı həsr olunmalıdır. Lakin qədim dövrə aid türkcə toponimlərə rəğmən bölgədə qaynaqlarda heç olmasa hay-erməni dilində keçən 1,5-2 min illik tarixə malik bircə dənə də olsun coğrafi ad bulunmur. Bu tarixi gerçəklik türklərin bölgəyə gəlmə olduqları barədə saxta tarixi paradiqmaya tərs gəlir. Həm də müasir Ermənistanın əski türk torpaqlarında süni şəkildə yaradıldığını göstərir. Bu həm də hay-erməni etnosunun qədim tarixə malik olması tezisinin uydurma bilgilər üzərində qurulduğunu və heç bir tarixi şahidliyi olmadığını göstərir. Antik Armeniya ölkəsinin tarixinin bu günkü hay-erməni etnosu ilə tarixi bağları mövcud deyildir. Bu günkü hay-erməni etnosu  Qriqorian xristianlığını qəbul etmiş çeşidli millətlərə mənsub fərdlərin nəticələridir. Yəni bu günkü hay-ermənilər prozelitik (dönmə) millət kimi təşəkkül tapmışlar. O da orta əsrlərin son dönəmində.

Iordanis Paradeisopoulosun On minlərin Araz və Arpasu hövzəsindəki yürüşün istiqaməti barədə Lehman-Haupt, Manfredi, Lendl və özünün görüşləri əsasında tərtib etdiyi xəritə.

Arpaçayın adı orta əsr erməni mənbələrində də keçir. Məsələn Kanakerli Zəkəriyyə (1627-1699) Osmanlı ordusunun bölgəyə yürüşünü təsvir edərkən yazır ki “Arpa çayının yanında yerləşmiş qoşun üzvlərinin bəziləri istirahət edir, bəziləri çayda çimir, bəziləri isə atlarına qulluq edərək qayğısız gün keçirirdilər”  [42, s. 104]. Digər erməni müəllifi həm də katolikosu İrəvanlı Simeon qərbi Arpaçay barədə maraqlı məlumat qoymuşdur. Onun yazdıqlarına görə II Şah Abbas (1632-1667) zamanında katolikos olmuş Pillippos Arpaçayın sol qollarını suvarma məqəsdilə Kasak çayına yönəltmişdir. Bundan sonra II Şah Abbasa ərizə yazaraq bildirmiş ki, “Bizim vilayət (İrəvan – E. Ə.) susuzluqdan əziyyət çəkirdi.  Mən özgə dövlətin ərazisinə axan filan qədər suyu filan dağdan vilayətin daxilinə yönləndirdim” [43, s. 264-265]. Özgə dövlət yazarkən Pilippos Osmanlı İmperiyası əraziləri, daha konkret isə Qars Paşalığını nəzərdə tuturdu. Bu məlumatlardan da məlum olur ki, qərbi Arpaçayın sol qollarını daxilə döndərmədən öncə bu çay daha bol sulu və çayın eni bu günkündən daha geniş olmuşdur.

Bir az da Arpasu hidroniminin əski yunanca yazılışı və tələffüzünə toxunaq. Qeyd edək ki, çayın adı Ksenofontun yunanca nəşr olunan variantlarında ‘Αρπασον  (h’Arpasu) şəklində yazılır. Xatırladaq ki, Ksenofont özü m.ö. V-IV əsrlərdə yaşamışdır. Arpasu çayının adında istifadə olunan - diakritik işarə isə qədim yunan yazısı üzrə mütəxəssilərin yekdil fikrinə görə yunan qrammatikasına m.ö. III əsrdən başlayaraq tətbiq olunmuşdur. Bu diakretik işarə söz önündə nəfəsli aspirat səslərin tələffüzünü vurğulayırdı. Lakin o dövrdə bu diakretik işarədən qeyri-mütamadi olaraq istifadə edilirdi. Mütəmadi olaraq isə bu diakretik işarə Bizans dövründən başlayaraq yunan qrammatikasında yer almışdır. Yəni Ksenofontun zamanında yunan qrammatikasında söz önündə nəfəsli aspirat səslərin tələffüzünü vurğulayan heç bir diakretik işarə mövcud deyildi. Və təbii olaraq Ksenofontun orijinal yazısında çayın adı söz önündə bu diakretik işarə olmadan sadəcə olaraq Αρπασον (Arpasu) yazılmalı idi. Demək ki, nəfəsli aspirat işarə çayın ismində Bizans dövrü nəşrlərində ortaya çıxmışdır. Bu da mühüm faktordur. Çünki bir çox hallarda Ksenofontun Anabazisi ingilis və digər dillərə tərcümə edilirkən çayın adı Harpasus, və bəzən da Garpasus şəklində təqdim olunur. Bu da çayın adının ikitərəfli təhrif olunmasına gətirib çıxarır. Çünki, Ksenofontun Αρπασον yazılışıında sözün sonunda siqma (-ς) mövcud deyildir və sözün sonunda bu səsin tələffüzü yersizdir. Lakin bu siqma (-ς) səsi eyni adlı digər bir çayın adında yer almışdır. Antik dövrlərdə Anadolunun Kariya bölgəsində Harpasus adlı çayın adı keçir. Bu çaya paralel olaraq da Marsu adlı digər çay mövcud olmuşdur. Hər iki çayın adında türkcə su topoformantı özünü biruzə edir. Lakin bu artıq başqa bir tədqiqat mövzusudur.

Elşad Əlili
Qafqaz tarixi mərkəzi,
AR Əqli Mülkiyyət Agentliyi baş Eksperti

________________

Ədəbiyyat:

1. ДРЕВНЕТЮРКСКИЙ СЛОВАРЬ, АН СССР. Ленинград-1969.
2. Hüseyn Namik Orhun ESKİ TÜRK YAZITLARI. İstanbul 1936.
3. Орест Евецкий СТАТИСТИЧЕСКОЕ ОПИСАНИЕ ЗАКАВКАЗСКОГО КРАЯ. Санктпетербург 1835. Часть I.
4. ОБОЗРЕНИЕ РОССИЙСКИХ ВЛАДЕНИЙ ЗА КАВКАЗОМ (в статистическом, этнографическом, топографическом и финансовом отношениях). часть IV. Санктпетербург 1836.
5. Руи Гонзалес де Клавихо ДНЕВНИК ПУТЕЩЕСТВИЯ КО ДВОРУ ТИМУРА В САМАРКАНД В 1403-1406 ГГ. Санкт-Петербург 1881.
6. M. Tournefort VOYAGE IN TO LEVANT. Vol III. London 1747.
7. Jean-Baptiste Tavernier THE SIX VOJAGES OF JOHN BAPTISTA TAVERNIER. Loybdon 1678.
8. Gemelli Careri TURQUIE. Ganeau 1719.
9. Peter Edmund Laurent AN INTRODUCTION TO THE STUDY OF ANCIENT GEOGRAPHY. Oxford 1830.
10. Clement Cruttwell THE NEW UNIVERSAL GAZETTER, OR, GEOGRAPHICAL DICTIONARY vol I. Dublin 1800.
11. Abraham Rees THE CYCLOPAEDIA; OR, UNIVERSAL DICTIONARY OF ARTS, SCIENCES AND LITERATURE vol II. London 1819-1820.
12. James Morier VOJAGE EN PERSE, EN ARMENIE, EN ASIE MINEURE ET A CONSTANTINOOPLE FAIT DANS LES ANNEES 1808 ET 1809. Paris 1813.
13. James Morier A SECOND JOURNEY THROUGH PERSIA, ARMENIA, AND ASIA MINOR, TO CONSTANTINOPLE, BETWEEN THE YEARS 1810 AND 1816.
14. Sir Robert Ker Porter TRAVELS IN GEORGIA, PERSIA, ARMENIA, ANCIENT BABYLONIA. DURING THR YEARS 1817, 1818, AND 1820. vol I. London 1821.
15. Pierre Amédée Émilien Probe Jaubert VOJAGE EN ARMENIE ET EN PERSE, FAIT DANS LES ANNEES 1805 ET 1806. Paris 1821.
16. Ксенофонт АНАБАСИС. London 1818.
17. М.И. Максимова Ксенофонт АНАБАСИС. Под редакцией академика И. И. Толстого. АН ССР. Москва-Лениград 1951.
18. THE ASSYRIAN DICTIONARY, Of The Oriental Institute Of The University Of The Chicago; в 26 томах, том VI.
19. John Halloran SUMERIAN LEXICON.
20. THE ASSYRIAN DICTIONARY, Of The Oriental Institute Of The University Of The Chicago; в 26 томах, том VII.
21. Liddell and Scott’s GREEK-ENGLISH LEXICON 1862.
22. İosif Flavi YƏHUDİ QƏDİMLİKLƏRİ.
23. THE ASSYRIAN DICTIONARY, Of the Oriental Institute of Chicago. Volume 18. Chicago, Illinoys. 2006.
24. Francous Lenormant LA LANGUE PRIMITIVE DE LA CHALDEE ET LES IDIOMES TOURANIENS. Paris 1875.
25. KIPÇAK TÜRKÇESİ SÖZLÜĞÜ. Türk Dil Kurumu Yayınları, Ankara 2007.
26. Archibald Henry Sayce THE CUNEIFORM INSCRIPTIONS OF VAN, DECIPHERED AND TRANSLATED Published in the Journal of the Royal Asiatic Society (1882, NS. vol XIV, pp. 377-732).
27. Папффенгольц К. Н. О ПУТИ ОТСТУПЛЕНИЯ "ДЕСЯТИ ТЫСЯЧ" ГРЕКОВ. (По "Анабазису" Ксенофонта). Вестник общественных наук - 11/1969.
28. John Antony Cramer A GEOGRAPHICAL AND HISTORICAL DESCRIPTION or ASIA MINOR. в 2-х томах. Oxford University Press 1832. Vol I.
29. Aaron Arrowsmith A GRAMMAR ANCIENT GEOGRAPHY. London 1832.
30. Robert Mayo AN EPITOME OF ANCIENT GEOGRAPHY, SACRED AND PROFANE. Philadelfia 1818.
31. Peter Edmund Laurent AN INTRODUCTION TO THE STUDY OF ANCIENT GEOGRAPHY. Oxford 1830.
32. Jean Baptiste Bourgignon d'Anville COMPENDIUM of ANCIENT GEOGRAPHY. Vol I. New York 1814.
33. William Smith DICTIONARY of GREEK AND ROMAN GEOGRAPHY. Vol I. Boston 1854.
34. Antoine-Augustin Bruzan de La Martiniyere LE GRAND DICTIONNAIRE GÉOGRAPHIQUE, HISTORIQUE ET CRITIQUE. Vol I. Paris 1768.
35. James Rennel HISTORY OF THE EXPEDITIONS OF CYRUS. London 1816.
36. John Adams L'EXPEDITION DE CYRUS, DANS L'ASIE SUPERIEURE, ET LA RETRAITE DES DIX MILLE. Vol 1, Paris 1878.
37. C. F. Lehmann-Haupt ZUM RUCKZUG DER ZEHNTAUSEND. Berlin 1931.
38. Robin Waterfield XENOPHON'S RETREAT: GREECE, PERSIA, AND THE END OF THE GOLDEN AGE. Harvard University Press, 2006.
39. Lord Kinros (John Patrick Douglas Balfour) WITHIN THE TAURUS, A JORNEY IN ASIATIC TURKEY. London 1954.
40. Iordanis K. Paradeisopoulos A CHRONOLOGY MODEL FOR XENOFON'S ANABASIS. Greek, Roman, and Byzantine Studies 53 (2013) 645–686.
41. Iordanis K. Paradeisopoulos ROUTE AND PARASANGS IN XENOFON'S ANABASIS. Greek, Roman, and Byzantine Studies 54 (2014) 220-254.
42. Закарий Канакерци ХРООНИКА. Москва 1969.
43. Симеон Еренванци ДЖАМБР. ПАМЯТНАЯ КНИГА, ЗЕРЦАЛО И СБОРНИК ВСЕХ ОБСТОЯТЕЛЬСТВ СВЯТОГО ПРЕСТОЛА ЭЧМИАДЗИНА И ОКРЕСТНЫХ МОНАСТЫРЕЙ. Москва 1958.

0 коммент.:

Отправить комментарий

Самые читаемые

Последние обновления

Ключевые фразы

история (72) Азербайджан (71) Россия (37) армянский терроризм (34) новости (28) Армения (24) Тюрки (24) Кавказ (23) армянские фальсификации (19) Османская Империя (18) Турция (17) этнография (15) Аббас Исламов (14) Карабах (14) армяне (13) архивы США (11) культура (11) азербайджанская кулинария (8) тюркология (8) Баку (7) Ближний Восток (6) Иреван (6) США (6) проекты (6) Грузия (5) Ризван Гусейнов (5) армянский геноцид (5) армянство (5) лаваш (5) русский терроризм (5) 20 января (4) Ереван (4) армянский вопрос (4) сепаратизм (4) скифы (4) ссср (4) Нагорный Карабах (3) Тбилиси (3) Ходжалы (3) Эчмиадзин (3) армянские националисты (3) дашнакцутюн (3) история Азербайджана (3) фальсификации (3) 366 полк (2) Azərbaycan (2) АДР (2) Азербайджанская Демократическая Республика (2) Арпа-су (2) Арпачай (2) Девичья Башня (2) Дербент (2) Джавахетия (2) Иреванское ханство (2) Кавказская Албания (2) Ксенофонт (2) Фуад Ахундов (2) Эльшад Алили (2) Эриванская крепость (2) арменизация России (2) армянский язык (2) архивы (2) видеоархив (2) гаргары (2) гнчак (2) греческие источники (2) григориансто (2) детектор лжи (2) дудук (2) присвоение (2) пророк Мухаммед (2) саки (2) тандыр (2) тендир (2) формирование армян (2) христианство (2) церкви (2) этногенез (2) Albaniya (1) Arpasu (1) Encyclopaedia Britannica (1) Qarabağ (1) bozbaş (1) etimologiya (1) kilsələr (1) lülə-kabab (1) qədim türklər (1) tarix (1) vəng (1) Агафангел (1) Агванк (1) Агдам (1) Азыхское ущелье (1) Албания (1) Америка (1) Анаит (1) Англия (1) Андраник (1) Анна Акопян (1) Араз (1) Аракс (1) Аран (1) Ариф Керимов (1) Артемида (1) Аршакиды (1) Ахалцихе (1) Байрон (1) Богдан Кобулов (1) Бюзанд (1) В поисках Солнца (1) Васиф Бабаев (1) Великобритания (1) Гандзасар (1) Гарегин Нжде (1) Гиперборея (1) Горбачев (1) Гюнзар (1) Давид армянин (1) Дагестан (1) Евсевий (1) Закавказье (1) Зангезур (1) ИГИЛ (1) Иосиф Орбели (1) Иран (1) Ислам (1) Исмаилбей (1) Ишкузай (1) КСИР (1) Казахстан (1) Киракос Гандзакеци (1) Коран (1) Лори (1) Маргарет Тэтчэр (1) Мария Захарова (1) Месопотамия (1) Митра (1) Молотов (1) НКВД (1) Наил Велиев (1) Нахичеван (1) Нина Гарсоян (1) ООН (1) Палыдлы (1) Парфия (1) Перу (1) Рамиз Фаталиев (1) Роберт Чеда (1) САР (1) СМИ (1) СМИ России (1) Сен-Мартен (1) Сирия (1) Сисакан (1) Сталин (1) Стамбульский трибунал (1) Учкилсе (1) ФЛНКА (1) Фортуна (1) Хайк (1) Хасан Джалал (1) Хачмаз (1) Хеттура (1) Хорасан (1) Хоренаци (1) Храхоба (1) Центр Истории Кавказа (1) Чарльз Пауэлл (1) Шамкирская битва (1) Шуша (1) Эривань (1) Яфет (1) аккадский язык (1) аналитика (1) армяне США (1) армяне кипчаки (1) армянские источники (1) армянский епископ (1) армянский католикос (1) армянский палач (1) армянский плагиат (1) археология (1) архитектура (1) арцах (1) балабан (1) бастурма (1) библия (1) бозбаш (1) большевики (1) брит-мила (1) британский архив (1) вайнахи (1) валериан мадатов (1) война (1) вторжение русских (1) генерал Паскевич (1) геноцид (1) геноцид азербайджанцев (1) грузинские генералы (1) депортация азербайджанцев (1) диаспора (1) древность (1) евреи (1) езиды (1) захоронения (1) ингуши (1) история Армении (1) казаки (1) карты (1) кремль (1) крымские татары (1) кулинария (1) курганы (1) курды (1) лезгины (1) месхетинцы (1) мечеть Омейядов (1) мифотворчество (1) наследие (1) национальное движение (1) новый год (1) нумизматика (1) обычай (1) огузы (1) основатели Азербайджана (1) открытие дороги (1) охранные грамоты (1) палеонтология (1) перехваченное письмо (1) питекантроп (1) пити (1) подделки (1) прозелитизм (1) пророк Ной (1) проституция (1) путук (1) разрушение (1) резолюции (1) римские монеты (1) российские СМИ (1) российские императоры (1) российский фашизм (1) русские (1) св. Варфоломей (1) сепаратисты (1) социология (1) союзничество (1) суджуг (1) талыши (1) татары (1) тигранакерт (1) транспортные пути (1) убийства (1) уничтожение наследия (1) фейки (1) фото-факты (1) хазарейцы (1) храм воскресения (1) христиане (1) царица Эрато (1) чеченцы (1) чыхыртма (1) шамхорская резня (1) шашлык (1) шумерский язык (1) экстремизм (1) этимология (1) этнические чистки (1) этруски (1) язык Бога (1) վանք (1)

Copyright © Центр Истории Кавказа |