Şıxəli Əliyev, Rizvan Hüseynov,
Qafqaz Tarixi Mərkəzi

İslam — erməni münasibətlərindən danışarkən erməni tarixşünaslığı və təbliğat maşını müxtəlif dövrlərdə görkəmli islam şəxsiyyətləri tərəfindən guya “məxsusi olaraq” onların barəsində çıxarılmış fərmanlar və əhdnamələrdən tez-tez sitatlar gətirməyi sevir. Onlar bu “əhdnamələri”, fərmanları islam dünyasının müqəddəs şəxsləri Mühəmməd peyğəmbərə (s.a.s) , Əli bin Əbu Talib, Cəfəri Sadiq və digər şiə imamlarına, Ömər bin əl-Xəttaba, eləcə digər xəlifələrə və sultanlara (məs. Səlahəddin Əyyubiyə) mənsub edirlər.

Müxtəlif arxivlərdə, kitabxanalarda saxlanılan onlarla belə “əhdnamə”, fərman nümunələrində, əsasən, bütün xristianlara (nəsranilərə), o cümlədən ermənilərə əmlaklarının, kilsələrinin toxunulmazlığı, dini etiqad sərbəstliyi vəd edilir, müsəlmanlarla qeyri-müsəlmanlar arasında gələcək münasibətlərin əsasları barədə yazılır.

ŞƏKİL 1-A

ŞƏKİL 1-B

Hazırda sivilizasiyaların toqquşması iddiaları, mədəniyyətlərarası dialoq, islam – xristian dialoqu fonunda bu növ sənədlərin “əhəmiyyəti”ni nəzərə alaraq bir sıra müəlliflər, xüsusilə Qərb tədqiqatçıları onlara tez-tez müraciət edirlər. Müsəlmanlara aid bəzi nəşrlər, qəzet və jurnallar, eləcə də islam dini müəssisələri də islamın əsil məğzini, xristian konfessiyalarına tolerant münasibətini tez-tez önə çəkmək məqsədilə  bu sənədləri səhih olub-olmamasını araşdırmadan yaymağa həvəs göstərmiş və bunların belə şəkildə təqdimatına etiraz etməmişlər. Jon Endryu Morronun “The Covenants of the Prophet Muhammad with the Christians of the World” [22] kitabı və müsəlman alimlərinin də bu əsərə verdikləri müsbət rəylər yuxarıda deyilənləri bir daha təsdiqləyir, məsələnin elmi deyil, ideoloji müstəvidə nəzərdən keçirildiyini göstərir. Ümumiyyətlə, sülhün, qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət edəcək hər hansı addımı alqışlamaq lazımdır. Lakin bunu birtərəfli qaydada, elmi dürüstlüyü qurban verməklə əldə etmək olmaz.

Bu mövzu bir sıra islam aliminin diqqətini çəksə də, bununla bağlı müəyyən fikirlər deyilsə də onu geniş şəkildə araşdırılmağa ehtiyac vardır. Bu sahədəki boşluqdan sui-istifadə edilir və bu “sənədlər” (saxta olsalar belə) təbliğat maşınının alətlərinə çevrilirlər. Son zamanlar bir sıra erməni internet resurslarında [29]  ərəb hərfləri ilə yazılmış əlyazma səhifələri bu “fərman”, “əhdnamə” nüsxələri kimi təqdim edilir, kopyalanıb yayılır. Bu iş o qədər naşı görülür ki, hətta ərəb dilinin yazı qaydaları pozularaq mətnlər oxunmaz halda, tərsinə çevrilmiş şəkildə (güzgülü yazı) verilir (şəkil 1 а, 1 b) , bəzən mövzuya dəxli olmayan əlyazmalar təqdim olunur (şəkil 2 a, 2 b).

ŞƏKİL 2-A

ŞƏKİL 2-B

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, İslam Peyğəmbərinin yaşadığı dövr, sonrakı Raşidi xəlifələri və Əməvilər dövrləri ilə bağlı orijinal yazılı mənbələr, demək olar ki, dövrümüzə gəlib çatmamışdır. Bu dövrlərdə aparılmış rəsmi yazışmalar, fərmanlar barədə məlumatları Abbasilər dövründə yazılmış tarix, siyər (peyğəmbərin həyatı barədə) kitablarından əldə etmək olar. O da məlumdur ki, erkən orta əsrlərə aid ərəbdilli əsərlərin heç birində İslam Peyğəmbərinin Ərəbistan yarımadası xaricində yaşayan xristianlar, o cümlədən ermənilər haqqında hər hansı əhdnaməsinin olması qeyd edilməyib. Məşhur ərəb tarixçiləri İbn Səd (785-845) əl-Bağdadinin iri həcmli “Kitab ət-tabaqat əl-kubra”, İbn Hişamın (öl.833), İbn Cərir ət-Təbərinin (839 — 923), əl-Bələzurinin (ölüb 892-ci il), Əbu İsmail əl-Əzdinin, İbn əl-Əsirin (öl. 1233) əsərlərində, eləcə də digər orta əsr tarixi qaynaqlarında bu məsələ ilə bağlı eyham belə yoxdur. Adı çəkilən mənbələrin bu barədə susması onu göstərir ki, bu cür fərman və əhdnamələr həmin dövrlərdə mövcud olmayıb və sonrakı dövrlərin “məhsulu”dur.

Ermənilər barədə verildiyi iddia edilən bu əhdnamələrin əksəriyyəti çox sonralar, ümumiyyətlə, xristian, xüsusilə erməni kilsələrində, monastrlarında və ruhanilərinin arxivlərində “üzə çıxıb”. Bunlar haqqında ilk söhbət açan da ermənidilli mənbələrdir. Anastas Sanjian VII əsrdə Qüdsdə erməni monastrlarından bəhs edən əsərində Qüdsün erməni patriarxı Avraamın Mühəmməd peyğəmbərdən və Ömər ibn əl-Xəttabdan erməniləri, eləcə də bütün monofizit xristianları himayə edən bir əhdnamə aldığını qeyd edir [15, 265–292]. Tarixi anaxronizmlərlə dolu və ən qədim nüsxəsi XVI əsrə aid olan əsərdəki bu iddia əksər tədqiqatçılar tərəfindən uydurma adlandırılıb. Joshua Prawer və Haggai Ben–Shammainin redaktəsi ilə 1996-cı ildə nəşr edilmiş “The History of Jerusalem: The Early Muslim Period (638-1099)” əsərində o dövrdə erməni icmasının fəaliyyəti ilə bağlı hər hansı dəlilin mövcud olmadığı, bu “əhdnamə”nin açıq-aydın uydurma və Qüdsün qeyri-erməni patriarxı Sofroniosa mənsub edilən hadisənin imitasiyası olduğu qeyd edilir [21,159].

Ömər bin əl-Xəttab tərəfindən hicri 15-ci ildə Sofroniosa yazıldığı iddia edilən “əhdnamə”, əslində, irəli sürülmüş şərtlərə bənzəyir. Bu şərtlərə, hüquq və imtiyazlara müxtəlif dövrlərdə yeniləri əlavə edildiyindən “əhdnamə”nin hazırda bir-birindən fərqli mətnləri mövcuddur. Hətta həqiqiliyi şübhə altına alınan bu mətnlərin zaman-zaman təhrif olunaraq maraqlı tərəflərin ambisiyalarına, gizlin niyyətlərinə necə uyğunlaşdırıldığını asanlıqla görmək olar. Əlavələrlə həcmi artırılmış “əhdnamə” nüsxələri istila edilmiş xalqların istilaçı tərəflə müzakirə etdiyi şərtlərə bənzəyir ki, bu da qeyri-mümkündür [27, 8].

Maraqlıdır ki, ilkin islam tarixi məxəzlərində bu sənəd barədə heç bir məlumat yoxdur. Bu “əhdnamə”yə işarə edən ilk müəllif Əhməd əl-Yəqubidir (öl.897). Ondan sonra İbn əl-Batriq, İbn Əsakir, Mucirəddin əl-Uleymi, İbn əl-Cauzi, ət-Təbəri əsərlərində bu barədə yazmağa başlayıblar. Əl-Yəqubinin verdiyi mətn kiçikdir və orada Qüds sakinlərinin canlarına, mülklərinə və kilsələrinə qəsd edilməyəcəyinə vəd verilir: “Bismillahir-rəhmanir-rəhim. Bu, Ömər bin əl-Xəttabın Beytul-müqəddəs sakinlərinə yazısıdır: Sizin canınız, mallarınız (mülkləriniz) və kilsələriniz amandadır. Onlar (kilsələr və mülklər- Ş.Ə) (onlardan başqaları tərəfindən — Ş.Ə) məskən edilməyəcək və dağıdılmayacaq” [13, 37].

Patriarx Səid İbn Batriqin [6, 17], İbn Əsakirin [8, 178], İbn əl-Cauzinin [7, 123-124] təqdim etdikləri mətnlər müəyyən əlavələr və ixtisarlarla əl-Yəqubinin “əhdnaməsi”inin mətnindən o qədər də fərqlənmir.

Mucirəddin əl-Uleymi [11, 377] də  ət-Təbəri kimi, şəxsiyyəti barədə şübhələr olan [12, 28] Seyf bin Ömərə istinad edərək sənədi əlavələrlə təqdim edir. Diqqət çəkən mühüm əlavə “İlyada (Qüdsdə — Ş.Ə) onlarla birlikdə heç bir yəhudi məskun olmayacaqdır” cümləsidir. Bu hökm əl-Bələzurinin “Kitab futuhil-buldan” [3, 189] və İmam Əbu Yusifin “Kitab əl-xərac” [9, 216] əsərlərində verilmiş əhdnamələrdə mövcud deyil. Bu hissələrin sonradan əlavə edilməsi və xristian mənbələrində qeyd edilməsi o dövrdə xristian-yəhudi qarşıdurmasından xəbər verir [18324]. Circi Zeydan da sənədin dilinin erkən orta əsr dövrü islam sənədlərinin dilindən fərqləndiyini, müsəlmanların qədim kitablarında qeyd edimədiyini bildirərək onu sonrakı dövrlərin məhsulu hesab edir [14, 386]. T.W.Arnold “The Preaching of İslam” əsərində “Ömər əhdnaməsi”nin mətnindəki uyğunsuzluqların olduğunu qeyd etsə də onun islam-xristian münasibətlərində əhəmiyyətinə də toxunur [1756-57].  Bu “əhdnamə” nüsxəsinin mətninin tərcüməsi budur:

«Rəhman və rəhimli Allahın adıyla. Bu, Allahın qulu möminlərin əmiri Ömər tərəfindən İlya (Qüds – Ş.Ə) əhalisinə verilmiş amandır. O, bu amanı onların özləri, malları, kilsələri, xaçları, xəstələri və başqa dindaşları üçün vermişdir: onların kilsələri (onlardan başqaları tərəfindən – Ş.Ə) zəbt edilməyəcək, onlar (kilsələr), onların içindəkilər və xaçları, heç bir malları dağıdılmayacaq və azaldılmayacaq. Dinlərinə görə pis münasibət görməyəcəklər, onlardan heç kim zərər görməyəcək. İlyada onlarla birlikdə heç bir yəhudi məskun olmayacaqdır. İlya əhalisi başqa şəhərlərin əhalisi kimi cizyə verməlidir. Onlar oradan rumluları (bizanslıları – Ş.Ə) və oğruları çıxaracaqlar. Onlardan oranı tərk edəcək hər kəsin canı və malı gedəcəyi yerə çatanadək amandadır. İlyada qalanlar amandadır və İlyanın digər əhalisi kimi cizyə (can vergisi – Ş.Ə) verməlidirlər. Rumlularla (bizanslılarla – Ş.Ə) birlikdə malını, xaçlarını götürüb İlyanı tərk etmək istəyən kəslərin canları, xaçları onlar istədikləri yerə çatanadək qorunacaq. Yer üzü əhlindən kimsə orada (İlyada) qalmaq istəyərsə, onlar buranın əhli kimi cizyə verməlidirlər. İstəyən rumlularla gedər, istəyən torpağına geri dönər. Bunlardan yalnız məhsul yığımı zamanı vergi alınır. Bu yazıda olanlara Allahın əhdi və zimməti, Allah rəsulunun (s.a.s), xəlifələrin, möminlərin zimməti vardır ki, onlar üzərlərinə düşən cizyələrini ödəsinlər. Xalid bin əl-Vəlid, Əmr bin əl-As, Əbdürrəhman bin Auf, Muaviyə bin Əbi Sufyan buna şahidlik etdilər. Bu, 15-ci ildə yazıldı və hazır oldu. [2, 175]

«Ömər əhdnamələri»ndən biri

ŞƏKİL 3

Lakin hazırda Qüdsün ortodoks kilsəsinin qəbul etdiyi və “Ömər Əhdnaməsi” adı ilə 1953-cü ildə nəşr etdiyi sənəddə yeni hökmlərin yer aldığını görmək olur. Ənənəvi olaraq “bismillahir-rəhmanir-rəhim” ifadəsi ilə başlayan sənədin Ömər bin əl-Xəttab tərəfindən Qüdsün Turi Zeytundakı Patriarxı Safraniosa verilmiş və bütün rəiyyətinə, rahiblərə və rahibələrə şamil ediləcək yazılı əhdnamə olduğu qeyd edilir (şəkil 3). Diqqəti cəlb edən məsələ bu əhdnamədə artıq xristian qruplarının, o cümlədən ermənilərin ayrı-ayrılıqda qeyd olunması və bu əhdnamənin (bir neçə yerdə fərman adlanır) onlara da şamil olunmasıdır:

…Qüdsdə olan xristianların xaricində xristian camaatları, yəni gürcü və həbəş xristianları, Firəngdən (Avropadan — Ş.Ə) ziyarət üçün gələnlər, qibtilər, süryanilər, ermənilər, yəqubilər, nəsturilər, maronilər və oxşar konfessiyalar tamamilə adı çəkilən patriarxa tabedirlər. Patriarx onlardan üstün tutulur. Çünki onlara Allahın göndərdiyi kərim və sevimli peyğəmbər özünün müqəddəs əlinin möhürü ilə aman vermiş və onların himayə olunmalarını istəmiş, onlar şərəflənmişlər… Xristian rəhbərlərinə bu fərman səhabeyi kiramdan Abdullah, Osman bin Affan, Səd bin Zeyd, Əbdürrəhman bin Auf ve digər səhabə qardaşlarımızın hüzurunda verilmişdir… Möminlərdən kim bu fərmanımızı oxuyaraq indi və qiyamətə qədər ona qarşı çıxarsa, Allah’ın əhdini pozmuş və Həbibinə (Peyğəmbərinə — Ş.Ə) üsyan etmiş olur. Rəbiul-əvvəl, hicri 15-ci il”.

Xristian qruplarının (hətta bir çoxu fərmanın verildiyi tarixdə hələ yaranmamışdı) ayrı-ayrılıqda sadalanması, patriarx Sofroniosa tabe edilməsi, patriarxın onlardan üstün tutulması kimi qeydlər fərmanın yazıldığı dövrdə dini, ictimai-siyasi vəziyyətin diqtəsindən, daha dəqiqi, xristian-xristian münasibətlərinin, mübarizəsinin kəskinləşməsinin təzahürüdür.

Bir çox tarixçilər, tədqiqatçılar da bu sənədin son nümunələrini şübhə altına alaraq onların xristian qruplarının dini məkanlara sahib olmalarını təmin etmək üçün irəli sürüldüyünü bildirmişlər. “Redefining Christian Identity: Cultural Interaction in the Middle East Since the Rise of Islam” kitabında bu cür qeydlərin, hökmlərin VII əsrə aid olmadığı bildirilir və onların “əhdnamə”yə IX əsrdən tez əlavə edilə bilməməsi vurğulanır [19, 22]. Çox güman ki, xristian qrupları Mühəmməd peyğəmbərin (s.a.s) özündən məxsusi hüquq və imtiyazlar alındığını iddia etməklə özlərini qorumaq strategiyasını yeridirdilər. Bu, eləcə də onların üzərinə qoyulmuş vergilərdən yayınmaq və ya həcmini azaltmaq məqsədilə də edilə bilərdi. Belə ki, islam inzibati hüququnda vergilərin həcmi hər hansı ərazinin zorən, hərb yolu ilə  və ya sülhən fəth edilməsinə uyğun olaraq müəyyən edilirdi (bax, İmam Əbu Yusif, Kitab əl-xərac).

Qüdsün xristian qruplarının hər birinin özünün məxsusi “əhdnamə” və “fərman” nüsxəsini irəli sürməsi halları Osmanlı imperatorluğu dövründə artmışdı. Yuxarıda deyildiyi kimi, bundan məqsəd Qüdsdəki müqəddəs məkanlara öz sahiblik haqqını tanıtmağa cəhd etmək idi. Qüdsdə ermənilərlə yunan ortodoks kilsələri arasında baş verən toqquşmalar və ixtilaflar zamanı tərəflərin, hətta islam və osmanlı tarixində tanınmış şəxslərin adlarından verildiyi iddia edilən fərmanlardan, əhdnamələrdən yararlanması adi hal almışdı. Bu sənədlərdə hər bir tərəfin bütün hüquqları islam fatehləri tərəfindən tanınır və qorunurdu. Müqəddəs məkanlar uğrunda mübarizə qalxanda hər  tərəf öz “sənədini” təqdim edir, ümid edirdi ki, Osmanlı hakimiyyət orqanları onun sənədini ciddi qəbul edəcək və onun hüquqlarını bərpa etmək üçün hərəkətə keçəcək [25, 128]. Qüds şəhəri XVI – XIX  əsrlər ərzində tez-tez belə toqquşmaların şahidi olmuşdur. Müqəddəs məkanlar uğrunda xristian qrupları arasında mübarizə 1541-ci ildə kəskinləşmişdir [1, 549]. 1670-ci ildə erməni-yunan kilsələri arasında toqquşma baş vermişdi. Ermənilər Sultanın fərmanında “rum” sözünü “erməni” sözü ilə, “Abdullah” adını isə “Sarkis” adı ilə dəyişdiklərinə görə 1731-ci ildə erməni və yunan qrupları arasında ölümlə nəticələnən toqquşma olmuşdu. 1808-ci ildə isə ermənilər Qiyamə kilsəsini yandırdılar. Rumlulara və latınlara alovu söndürməyə mane olduqlarından kilsə tamamilə yanıb külə döndü. 1810-ci ildə də erməni – yunan kilsələri arasında toqquşma baş verdi [1, 550].

Sofroniosa verilmiş “əhdnamə”nin erməni imitasiyasına Anastas Sanjianla yanaşı digər erməni mənbələrində də rast gəlinir. Rəvayətlərdən birinə görə, erməni yepiskopu və Qüdsün birinci erməni patriarxı I Avraam (J.Ghazariana görə o, 638-669-cu illərdə yaşayıb) şəhərin süqut edəcəyini qabaqcadan hiss edərək Məkkəyə yollanmış və Mühəmməd peyğəmbərin əlindən Qüdsdəki ermənilərin dini və dünyəvi haqlarının qorunmasını təmin edən “əhdnamə” almışdır [20, 66]. Amma təqdim olunan bu “əhdnamə” nüsxəsindən də məlum olur ki, burada konkret olaraq ermənilərdən yox, ümumiyyətlə islam hakimiyyəti altında yaşayan xristianların hüquqlarından söhbət gedir. Bu fikri Ghazarianın özü də təsdiq edir [2066]. Təbii ki, yazının da orijinalı yoxdur.

Qəribədir ki, bəzi internet resursları bu rəvayəti yayarkən elmə məlum olmayan Zəkiyəddin adlı ərəb tarixçisinə də istinad edirlər. Həmin tarixçiyə görə, guya Avraam 626-cı ildə şəxsən Peyğəmbərin yanına getmişdir. Hətta bir rəvayətdə Əli bin Əbi Talibin 625-ci ildə əhdnaməni erməni patriarxı Avraamın özünə göndərdiyi qeyd edilir [16]. Başqa bir yerdə isə deyilir ki, Qüdsdəki Mar Yaqub monastrında saxlanılan Mühəmməd peyğəmbər dövrünə aid bir sənəddə 40 rahibdən ibarət erməni nümayəndə heyəti Qüdsün fəthindən bir neçə il qabaq Məkkəyə səfər edərək Mühəmməd peyğəmbərlə görüşmüş və ona loyallıqlarını bildirmiş, müqəddəs torpaqlarda öz imtiyazlarının və əmlaklarının qorunmasının təmin edilməsi üçün peyğəmbərdən əhdnamə almışlar [16]. Burada da adı çəkilən “əhdnamə”nin “orijinalı” barədə məlumat verilmir.

Göründüyü kimi, əhdnamələrin “addan ada keçirilməsi” və “ yenilənməsi” ənənə halını almış və bütün sonrakılar da “ilk mənbəyə” — Mühəmməd peyğəmbərə (s.a.s) istinad edərək bəzi əlavə və ixtisarlarla verilmişlər.

IV Raşidi xəlifəsi Əli bin Əbi Talibə mənsub edilən bir “əhdnamə” əlyazması da XVIII əsrdə “tapılmışdır”. “Əhdnamə” Əlinin ölümündən bir il qabaq, hicri 40-cı ildə yazılmışdır. İlk dəfə 1767-ci ildə Grigor Campan tərəfindən, sonra isə 1804-cü ildə M.Saragian tərəfindən erməni dilinə çevrilmişdir [23, 60-64]. Təbii ki, əvvəlki sənədlərdə olduğu kimi bunun da ərəbcə orijinalı yoxdur. Bunun nə demək olduğunu yaxşı anlayan tədqiqatçı J.Avdall əsaslandırmağa çalışır ki, guya kufi hərfləri ilə yazılmış ərəbcə çox nadir qədim orijinalın nüsxəsini o, Asiya cəmiyyətinin vitse-prezidenti mərhum Henri Torrensə tərcümə və nəşr edilməsi üçün təqdim edibmiş. Lakin bu nadir parça ya itmiş, ya da onun çap olunmamış əsərləri içərisinə qarışmışdır. Avdall əhdnaməni erməni dilinə tərcüməsi əsasında ingilis dilinə çevirmiş və nəşr etdirmişdir.

Başqa “əhdnamə” barədə Gəncəli Kirakos (XIII əsr) məlumat verir. O yazır ki, katalikos Con Otzun ərəb xəlifəsi Hişamla yaxın əlaqəsindən istifadə edərək ondan öz xalqı üçün üçqat əhd almışdır. Əhddə onlara şəxsi əmlak toxunulmazlığı, etiqadlarında sərbəstlik, kilsələrin və ruhanilərin vergidən azad edilməsi vəd edilir. Müəllifə görə, bu hüquqlar xəlifə II Ömər və ya xəlifə Hişam tərəfindən verilib. İmam Mühəmməd Cəfər isə onu təsdiq edib [24, 355]. L. Arpinin bildirdiyinə görə, adı çəkilən “əhdnamə” Nor Cuhada erməni yepiskopunun arxivində saxlanılır. Burada sənədin Mühəmməd peyğəmbər tərəfindən Sinaydakı Müqəddəs Katerin (Yekaterina) monastrına göndərildiyi (625-ci ildə) iddia edilən orijinal nüsxədən köçürüldüyü qeyd edilir. Maraqlıdır ki, L.Arpi peyğəmbərə mənsub edilən nüsxənin müasir tənqidçilər tərəfindən saxta hesab edildiyini diqqətə çatdırır. O da vurğulanır ki, Persiya şahı bu sənədin bu nüsxəsini XVII əsrdə erməni yepiskopuna təqdim etmiş, bununla ermənilərin Persiyada hüquqlarının qorunduğunu diqqətə çatdırmışdır. “Əhdnamə”nin sonunda onun Mühəmməd peyğəmbər tərəfindən təsdiq olunduğu və hicrətin 4-cü ilində yazıldığı bildirilir. L.Arpinin ingilis dilində tərcüməsini təqdim etdiyi “əhdnamə”nin mətnindən [24355-360] aydın olur ki, bu da konkret olaraq ermənilər üçün deyil, bütün nəsranilər (xristianlar) üçün nəzərdə tutulub.

Digər erməni tarixçisi Samuel Anitsi (XII əsr) əsərində Mühəmməd peyğəmbərin ermənilərlə əhd bağladığını, onlara dini etiqad sərbəstliyi verdiyini qeyd edir. Buna bənzər rəvayətə Mxitar Anetsinin əsərində də rast gəlinir [26840].

Yeziut din xadimi, tarixçi Luis Şeyxo (1859–1927) aylıq katolik “əl-Məşriq” jurnalında çıxan məqaləsində Mühəmməd peyğəmbərə və Raşidi xəlifələrinə mənsub edilən bu “əhdnamələri” ciddi tənqid edir və onların heç bir əsası olmadığını bildirir. Tarixçi fəaliyyəti dövründə qəzet və jurnal səhifələrində ara-sıra belə əhdnamələrin araşdırılmadan və həqiqiliyi öyrənilmədən peyda olaraq nəşr edildiyini tənqid edir. L.Şeyxo qeyd edir ki, İstanbuldakı erməni patriarxlığı erməni qəzetlərinin nəşr etdiyi başqa əhdnamə nüsxəsini göndərib. Bu nüsxə “əl-Əhval” qəzetinin 4893-cü nömrəsində də çıxıb. Çox keçməmiş “Raudat əl-Maarif” jurnalı özünün 13-cü sayında Mühəmməd peyğəmbərə mənsub edilən və xristianlar üçün verilmiş başqa bir əhdnaməni “la xaufə mimmə yətəvahhəmun” (düşünə bilənlərdən qorxmaq olmaz” başlığı ilə nəşr etdirib. Yerli qəzetlər də tez-tələsik bunu yayıblar [4, 610]. Göründüyü kimi, bu kimi məlumatların yayılmasında məlum dairələrin maraqları da ola bilər. Belə ki, bu “canfəşanlıq” halları müsəlman – xristian, eləcədə erməni münasibətlərinin gərginləşdiyi dövrlərə təsadüf edir. Çox güman ki, bununla aranın sakitləşdirilməsinə və ya vurulacaq cavab zərbəsindən qorunmağa çalışılıb.

Ermənilərlə bağlı verilmiş “əhdnamələr”dən birini də məşhur islam alimi Mühəmməd Həmidullah (1908-2002) Türkiyənin Ərzurum universitetinin İslami Elmlər Fakültəsininin İslam Tarixi bölümündə araşdırma apararkən tapdığını qeyd edir. Alimə görə, sanki ermənilərin özləri bunu nəşr etmişlər [10, 555]. Maraqlı budur ki, “əhdnamə” türk dilində tərcüməsi ilə birlikdə verilmişdir. Sənəd Aməd şəhərinin qazisi Molla Cələbi adı ilə məşhur Mühəmməd bin Əlinin və Ruha şəhərinin qazisi Nəqi Fəzlizadənin şahidliyi ilə başlayır.

Türkcə tərcüməsi isə bu cümlələrlə başlayır: “ Bu kitab mübarəkdir. Allah təalanın əmr şərifi ilə bən icazət verdim yazılmasına cəmi erməni taifəsinin tələblərilə indən sonra kim bizimlə zimmətlərinə əhd bağladılar və dəxi islamın kunfi (himayəsi-Ş.Ə.) altına daxil oldular …” Bu “əhdnamə”nin də mətni uzundur və əvvəlkilərə bənzəyir. Göründüyü kimi, ermənilər islamın himayəsi altına alınıb, müsəlmanların da bu öhdəlikdən irəli gələn məsələlərə itaət etməsi tələb olunur. Harada olmasından asılı olmayaraq onların kilsələri, mülkləri, ibadət yerləri qorunmalı, onlara zərər vurulmamalıdır. Bu əhdnamənin səhabələrin iştirakı ilə yazıldığı qeyd edilir. Şahidlər arasında Əbu Bəkr Siddiq, Ömər bin əl-Xəttab, Osman bin Affan, Əli bin Əbi Talib, Müaviyə bin Sufyan, Əbu-d-Dərda, Əbu Zərr, Əbu Hureyrə, Abdullah bin Şəmun, Abdullah bin Abbas, Həmzə bin Əbdülmüttəlib, Əbulfəzl Abbas, Talha, Səd bin Had,Səd bin Əyyad, Abdullah bin Şəmun, Sabit bin Qeys, Zeyd bin Sabit, Zeyd bin Arqəm, Usamə bin Zeyd, Osman bin Mantaun, Əbud-daliyə, Abdullah bin Ömər və İbn əl-As, Əmmar bin Yasir, Ənsəl bin Malik, Məsud bin Əbi Talibin adları çəkilir. Sonda əhdnamənin Mühəmməd Rəsulullahın əmri ilə  Müaviyə bin Sufyan tərəfindən hicrətin ikinci ili, zilhiccə ayının 2-sində yazdığı qeyd edilir.

Mühəmməd Həmidullaha görə, bu yazının saxta olduğu heç kimdə şübhə doğurmamalıdır. Orada şahid kimi adı iki dəfə çəkilən Abdullah bin Şəmunun şəxsiyyəti məlum deyil. Digər şahid Abdullah bin Abbas hicrətin birinci ilində doğulmuşdu. Müaviyə bin Sufyan isə (Əbi Sufyan olmalı idi) hicri ikinci ildə hələ islamı qəbul etməmişdi və Mədinə şəhərində deyildi. Ümumiyyətlə, hicrətin 8-ci ilinə qədər Mühəmməd peyğəmbərin (s.a.s) düşməni idi. Əbu Hüreyrə isə hicri 7-ci ildə müsəlman olmuşdur. Səd bin Had, Səd bin Ayyad, Əbu-daliyə, Məsud bin Əbi Talibin şəxsiyyətləri islam tarixində məlum deyil. Türkcə tərcümə naqisdir. Belə ki, ərəbcə mətndə adı keçən şahidlərin adları türkcə tərcümədə verilməyib.

Bəzən erməni mənbələri Mühəmməd peyğəmbər (s.a.s) və Əli bin Əbi Talib tərəfindən Sinaydakı xristianlara göndərildiyi iddia olunan “əhdnamə”ləri də “özününküləşdirməyə” cəhd edirlər. Amma nəzərə alınmalıdır ki, hətta bu sənədlərin özlərinin həqiqiliyi şübhəlidir və erkən islam mənbələrində onlara rast gəlinmir. Belə “əhdnamələr”dən biri barədə əl-Xuri Mixail Qabriel “Tarix əl-kənisə əl-antakiyyə” əsərində məlumat verir [5, 588]. Bu sənədin də yazılma tarixi hicri 2-ci ildir. Burada yenə də tarixi uyğunsuzluğun şahidi oluruq. Bu səhvləri, uyğunsuzluqları peyğəmbərin Sinaydakı xristianlara yazdığı iddia olunan “əhdnamə”yə də aid etmək olar. Bunlar forması, məzmunu və üslubu baxımdan erkən orta əsrlər islam sənədlərinin, müqavilələrin forma, üslubu  ilə uyğun gəlmir.

Yeri gəlmişkən, burada Osmanlı və Səfəvi dövlətləri dövründə erməni kilsəsi tərəfindən saxtalaşdırılmış başqa ərəb-müsəlman sənədlərini misal çəkmək olar. Mürəkkəb və dəyişən siyasi vəziyyətdə ayaq üstə qalmaq üçün erməni kilsəsi hər cür yalan və saxtakarlıqa əl atırdı.

1950-60-cı illərdə professor A.D.Papazyan tərəfindən erməni katolikoslarının arxivindən üzə çıxarılmış Osmanlı hökmranlığı dövrünə aid bəzi saxta sənədləri misal çəkək. Belə saxtakarlıq fəaliyyətinin nümunəsi kimi XVI əsrdə icad olunan, guya Mühəmməd peyğəmbər (s.a.s.) tərəfindən VII əsrdə erməni katolikoslarına şəxsən verilən “aman” məktublarını qeyd edə bilərik. Bu “məktublar” Eçmiadzin kilsəsinə o zaman Türkiyədəki Axtamar monastırından köç edən erməni kilsə xadimləri tərəfindən gətirilmişdir [31190-194].

Bu saxta “məktubların” nüsxələri A.D.Papazyan tərəfindən Mətinədaran (Yerevan) arxivindən tapılmışdır. Bu “məktubları” araşdıran A.D.Papazyan yazır: “sənədlərin mətni təhrif olunub və biabırçı grammatik və orfoqrafik səhvlərlə doludur”. Erməni alimi qeyd edir ki, Mətinədaranda qorunan buna bənzər sənədin başqa nüsxəsi də belə savadsız və qarışıq xətlə yazılıb [31, 218]. A.D.Papazyan bu nəticəyə gəlir: “<…> Bu, mətnləri əvvəlki əsrlərin bu növ “əhdnamələr”i ilə əlaqələndirilsə də, əslində, saxta və kompilyativ bir sənəddir, çünki sonrakı dövrlərin nasixləri və tərtibçilər çoxlu əlavələr etməklə və onları öz dövrlərinin tələblərinə uyğunlaşdırmaqla əvvəlki mətnlərdən çox uzaqlaşıblar <…>”. Erməni müəllifi qeyd edir ki, buna bənzər saxta “sənədlərin” nüsxələri XVI əsrdə Ermənistan ərazisi və Osmanlı dövlətinin ermənilərin sıx yaşadığı mərkəzlərdə geniş yayılmışdı [31, 218-220].

Görünür, ermənılər bu “sənədləri” saxtalaşdırmış, onları öz istəklərinə uyğunlaşdırmış və Mühəmməd peyğəmbər (s.a.s.) tərəfindən Sinay yarımadasındakı Müqəddəs Katerin (Yekaterina) monastırına göndərildiyi (625-ci ildə) iddia edilən orijinal nüsxəyə bənzətmişlər. Bu, əsası IV əsrdə qoyulan və dayanmadan fəaliyyət göstərən ən qədim xristian monastırlardan biridir. Deyilənə görə, 625-ci ildə Müqəddəs Katerin monastrından Mədinəyə gələn rahiblər burada Mühəmməd peyğəmbərlə (s.a.s.) görüşmüş və onun himayəsini qazanmışlar. Burada onlara peyğəmbər tərəfindən onun əlinin iziylə möhürlənmiş “əhdnamə” verilmişdir. Burada qeyd olunub ki, Axirət gününə qədər Müqəddəs Katerin monastrının toxunulmazlığı və müdafiəsi müsəlmanlar tərəfindən təmin olunacaq [28, 167]. Amma müasir dövrün alimləri tərəfindən aparılan tədqiqatlar onu göstərir ki, bu “əhdnamə” orijinal mətn deyil və sonradan saxtalaşdırılan sənəddir, çünki erkən islam dövrünün mətn yazılışı və tərtibatı üslubuna bənzəmir.

1517-ci ildə Osmanlı sultanı Birinci Səlim Misiri öz dövlətinə birləşdirəndə, Sinay yarımadasındakı Müqəddəs Katerin monastrının rahibləri ona İslam Peyğəmbəri tərəfindən verilən “əhdnaməni” təqdim edərək Osmanlı dövlətinin himayədarlığını  və toxunulmazlığını əldə etdilər. Hər halda erməni rahibləri də Sinay yarımadasındakı bu “əhdnaməyə” Osmanlıların dərin ehtiramı barəsində bilirdilər və buna bənzər bir “sənəd” saxtalaşdırıb Osmanlı və Səfəvi hökmdarlarından özləri üçün aman, zəmanət əldə etmişdilər. [30,145-146]

Ümumiyyətlə qeyd edək ki, yuxarıda sadalanan anaxronizmlər və səhvlər, orfoqrafik xətalar bu cür əhdnamələrin əksəriyyəti üçün səciyyəvidir. Ermənilərlə bağlı bu əhdnamələrin mətnləri, peyğəmbər tərəfindən digər xristian məzhəblərin nümayəndələri üçün verildiyi iddia olunan əhdnamələrlə, demək olar ki, eynidir, cüzi əlavələr və ixtisarlar var.

Beləliklə, araşdırmada səslənən fikirləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, İslam Peyğəmbəri və ya Raşidi xəlifələri tərəfindən xristianlarla, o cümlədən ermənilərlə bağlı verildiyi iddia olunan bu əhdnamələrin ümumi səciyyəvi cəhətləri vardır və onları aşağıdakı kimi qeyd etmək olar:

Nəzərdən keçirdiyimiz “əhdnamə” nüsxələri yalnız hüquqlar və imtiyazlar vəd edir. Öhdəliklərdən danışılmayan, yalnız hüquqlar verən, peyğəmbər dövründə olmayan məsələlərə toxunan sənədlər saxta sayılmalıdır. Ola bilsin ki, tarixçilər bəzi yeni sənədləri tarixi kitablarda qeyd edilmiş bəzi sənədlərə əsasən uydurmuşlar.

İslam peyğəmbərinə mənsub edilən “əhdnamə” nüsxələrinin, demək olar ki, hamısının mətni genişdir. Lakin erkən orta əsrlər dövründə bağlanmış müqavilə, sülh sazişlərinin mətnləri qısa və konkretdir, onlarda mübaliğə və tərifə yer verilmir.

Yuxarıda da qeyd edildiyi kimi, bu sənədlərin orijinalları yoxdur və orta əsr ərəbdilli mənbələrdə, o cümlədən İslam Peyğəmbərinin həyatından bəhs edən kitablarda (siyər) qeyd edilməyib.

Mühəmməd peyğəmbər (s.a.s) tərəfindən verildiyi iddia edilən bu sənədlərdə tarixi uyğunsuzluqlar vardır. Belə ki, peyğəmbərin vəfatına qədər ərəblər Ərəbistan yarımadasından kənara çıxmayıblar və onların yaşadıqları məkanda mövcud olmayan fərqli xristian qrupları ilə bu tarixdən qabaq təmasları mümkün deyil. Bu baxımdan bəzi əhdnamələrdə deyilən “Yerin şərqində və qərbində, əcəmində, yaxınında və uzağındakı nəsrani dininin nümayəndələrinə əhdnamə yazılması” ağlabatan deyil.

Əksər əhdnamələr təslimçilik aktına şərtlərə bənzəyir, qarşı erməni tərəfinin üzərinə heç bir öhdəlik, tələb qoymur. Mətnlərdə islam hüququ prinsiplərinə zidd tələblər, fikirlər mövcuddur. Məsələn, müsəlman kişilərlə ailə quran xristian qadınların islamı qəbul etmədən öz dinlərində sərbəst qalmaları ilə bağlı şərt (bax L.Arpee-nin təqdmi etdiyi “əhdnamə” nüsxəsi).

Əksər əhdnamələrdə çox sonralar yaranmış islam təriqətlərinə aid fikirlər mövcuddur. Məsələn, müvəqqəti nigahla bağlı qeyd (bax. L.Arpee-nin təqdim etdiyi “əhdnamə” nüsxəsi).

Müsəlman hakimlərinin, sultanların, xəlifələrin nəsranilərlə, xristianlarla bağladıqları müqavilələrdə bu əhdnamələrə heç bir işarə edilmir.

Təqdim olunan “əhdnamə” nüsxələrinin mətnlərinə və istifadə olunan yazı texnikasına nəzər saldıqda, onların ilkin islam və Raşidi xəlifələri, Əməvilər dövründən çox sonra yazıldığını görmək olar. Belə ki, ərəb hərflərinin nöqtəli variantının, hərəkələrin, rəngli yazı texnikasının, ərəb kalliqrafik nümunələrinin yazıda istifadə edilməyə başlaması Mühəmməd peyğəmbər (s.a.s) zamanından sonrakı dövrlərə təsadüf edir.

Mətnlərdə müxtəlif dövrlərə aid olan terminlərə rast gəlinir. Məsələn, “sultan” sözü Mühəmməd peyğəmbərdən (s.a.s) çox sonralar istifadə edilib.

Sənədlərin saxta olduğunu sübut edən digər məsələ isə hicri tarixinin istifadəsidir. Hicri tarixi Mühəmməd peyğəmbərin (s.a.s) vəfatından sonra, xəlifə Ömər bin əl-Xattabın dövründə müsəlmanlar arasında rəsmi təqvim kimi qəbul edilib. Hicrətdən 17 il sonra hicri təqvimi rəsmi təqvim kimi istifadə edilməyə başlayıb.

Hal şahidlərinin sıralanmasında tarixi prinsip pozulub. Onların hətta bəzilərinin şəxsiyyəti məlum deyil. Bəzən adları təkrar verilir. Bəzi əhdnamələrin katibi kimi Müaviyə ibn Əbi Sufyanın adı qeyd edilir. Amma yazılan tarixlə Müaviyənin islama gəldiyi və peyğəmbərin yanında olduğu tarix üst-üstə düşmür. Yuxarıda deyildiyi kimi, bəzi əhdnamələrin şahidləri kimi yazılan Abdullah bin Abbas əhdnamənin yazıldığı tarixdə hələ yeni doğulmuş uşaq idi. Şahidlər içərisində olan Həmzə isə sənədin yazıldığı tarixdə artıq həyatda yox idi.

Ermənilər zəbt etdikləri və ya etmək istədikləri yerlərin sonradan əsl sahibinə çevrilmək üçün zaman oxunun üzərində geriyə hərəkət etməyi sevirlər. Bu zaman ya xaçkar (xaçdaş) basdırıb “üzə çıxarır”, ya da mövcud tikililər üzərində tarixə “əl gəzdirirlər”. Bu yazımızda isə hətta islam peyğəmbərinin adından istifadə etdiklərinin şahidi oluruq. Qüdsdə qədimdən bəri yüksək statusa malik olduqları iddialarına dəlil kimi birinci erməni patriarxı Avraamı (?) Mühəmməd peyğəmbərin (s.a.s) hüzuruna “göndərməkdən” belə çəkinməyiblər.


Ədəbiyyat:

  1. Arif əl-Arif, Əl-mufəssəl fi tarixil-quds, AIRP, 2005
  2. Əhməd Zəki Safvat, Cəmharət rəsailil-arab fi usuril-arabiyyətiz-zəhira, birinci cild, Beyrut-Livan, birinci nəşr, 1937
  3. əl-Bələzuri “Kitab futuhil-buldan”, Beyrut-Livan, 1987
  4. əl-Məşriq, Beyrut, 1909, 12-ci say
  5. əl-Xuri Mixail Qabriel “Tarix əl-kənisə əl-antakiyyə”, c.1
  6. ət-Tarix əl-məcmu alə -t-tahqiq vat-tasdiq, Beyrut, 1909, əl-əbə əl-yəsuiyyin mətbəəsi, cild 2
  7. İbn əl-Cauzi «Fəzailul-qüds», hazırlayan, tədqiq edən dr. Cəbrail Süleyman Cəbbur, Beyrut, ikinci nəşr, 1980
  8. İbn Əsakir «Təhzib tarix dimaşq», 1911, cild 1
  9. İmam Əbu Yusifin “Kitab əl-xərac”, Beyrut-Livan, 1979

10.Məcmuət əl-vasaiq əs-siyasiyyə lil-ahdin-nəbəvi va –l-xilafətir-raşidə”

11.Mucirəddin əl-Uleymi «əl-Uns əl-cəlil bitarixl-quds val-xəlil», tədqiq edən Adnan Yunuf Əbdülməcid Əbu Tabbana, birinci cild, birinci nəşr, 1999, Əmman

12.Mustafa Fayda, «Seyf b. Ömer», İA, cilt 37

13.Tarix Yəqubi, II cild, Livan-Beyrut, birinci nəşr, 2010

14.Zeydan С. Tarix ət-Təməddun əl-islami, IV cild, Beyrut-Livan

15.Anastas Vardapet’s list of Armenian monasteries in seventh-century Jerusalem: A critical examination. Le Muséon, 1969, 82:

16.Armenian National Committee — Middle East, http://www.ancme.net/studies/20

17.Arnold T.W. “The Preaching of İslam”, Second edition, London, 1913

18.Goitein, Solomon D. «Al-Kuds «, El, C. V, E.J. Brill 1978

19.Hendrika Lena Murre-van den Berg, Theo Maarten Van Lint, Jan J. Ginkel “Redefining Christian Identity: Cultural Interaction in the Middle East Since the Rise of Islam”, Peeters Publishers, 2005

20.Jacob G Ghazarian. Journal of İslamic Jerusalem Studies (Summer 2008) 9:59-80

21.Joshua Prawer, Haggai Ben-Shammai “The History of Jerusalem: The Early Muslim Period (638-1099)”, Yad Izhak Ben-Zvi, 1996

22.Jon Endryu Morro “The Covenants of the Prophet Muhammad with the Christians of the World”, Angelico Press, 2013

23.Johannes Avdall “A Covenant of’ ‘Ali, Fourth Caliph Of Baghdad, Granting Certain Immunities and Privileges To The Armenian Nation” // Journal of the Asiatic Society of Bengal, Vol. XXXIX, Part. I (N°I to IV, 1870)

24.Leon Arpe “A History of Armenian Christianity from the Beginning to our own time”, New York, 1946

25.Oded, Peri (2001). Christianity Under Islam in Jerusalem: The Question of the Holy Sites in Early Ottoman Times. BRILL

26.Robert W.Thomson, Studies in Armenian Literature and Christianity, VARIORUM, 1994

27.Tritton A.S. The Caliphs and their non-muslim subjects, Oxford University press, 1930

28.Zahoor A., Haq Z. «Muslim History: 570—1950 °C.E», Gaithersburg, 2000

29.«Грамоты (ферманы) Армянской Церкви Иерусалима от Мухаммеда до Салах-ад-Дина», November 18, 2014 — ghevondvardapet.com

30.Гусейнов Р.Н. «Азербайджан и армянский вопрос на Кавказе», Баку, 2015

31.Папазян А.Д. «Персидские документы Матенадарана» (ПДМ), Указы. Выпуск первый (XVXVIвв.). Ереван, издательство АН Армянской ССР, 1956