HİSSƏ 1  |  HİSSƏ 2  |  HİSSƏ 3

Elşad ƏLILI. Tarixçi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Insan Haqları Institutunun elmi işçisi. Qafqaz Tarixi Mərkəzinin əməkdaşı.

Lavaş termininin etimologiyası haqqında məqalənin I və II hissələri çapa hazırlanırkən erməni tərəfi Vikipediyada həmin sözün mənşəyinə dair «erməni variantını» tamamilə dəyişdi. Qeyd edim ki, Vikipediyada bu və ya digər mövzuya dair tarixi, etnoqrafik və ya linqvistik aspektləri heç vaxt sırf elmi məlumat qismində ciddi qəbul etməmişəm. Vikidəki məqalələr, bir çox hallarda, sadəcə, təbliğat xaraketrlidir. Üstəlik, Vikipediyanın rus versiyasında türk xalqlarının tarixi və dilləri ilə bağlı aşkar təhriflərə yer verilir. Buna rəğmən Vikipediyanın rus versiyasının redaktorları isə, ermənilərin yalan, dezinformativ xarakterli məlumatlarına və mütəxəssislər üçün o qədər də diqqətəlayiq olmayan hadisələr barədə uydurmalarına göz yumurlar.

Lakin əksər sıravi insanların bir çox hallarda informasiyanı, ilk növbədə, Vikipediya məqalələrindən əldə etdiklərini nəzərə alsaq, onun təbliğat imkanlarının çox oduğunu etiraf etməliyik. Təəssüf ki, bu internet serverin səhifələrində külli miqdarda yalan informasiyanın yer almasına imkan verilir. Belə ki, bu hal lavaş sözünün erməni mənşəli olması barədə məqalədə də müşahidə olunur. Məqalə müəllifləri Orta əsrlərə aid erməni sözlükləri və mətnlərini qaynaq göstərməklə bu sözün erməni mənşəli olma versiyasına güc qazandırmağa cəhd göstərirlər. Təbii ki, bir tədqiqatçı kimi, mən bu qaynaqlardan yan keçə və onlar barədə söz etməyə bilməzdim.

Xatıladım ki, lavaş sözünün mənşəyinin qondarma erməni versiyasının ilkin variantında aşağıda sizə təqdim etdiyim gülünc bir cümlə yer almışdı:

«Erməni Sovet Ensiklopediyasına görə, «lavaş» sözü qədim erməni mənşəli «lav» (yaxşı) və «(x)aş» (yemək) kök sözlərindən ibarətdir».

Görünür, Erməni Sovet Ensiklopediyasında, həqiqətən, belə gülüş doğuran məlumatlar əks olunmuşdur. Lakin lavaşın erməni mənşəli olması barədə uydurmanı ifşa edən «yalan detektoru» layihəmizin təqdimatından sonra həmin cümlə oradan silindi, əvəzinə isə, oxucuları bu sözün mənşəyi barədə yanıltan yeni uydurma erməni versiyaları təqdim edildi. Məsələn, məqalədə beə bir cümlə keçir:

 «Orta əsrlər erməni ədəbiyyatında lavaş daha çox լաւշ (lawš) və ya ondan törəyən լօշ (loš) variantında işlənsə də, ilkin forma, şübhəsiz, lawaš olmalıdır».

 Guya ki, ilkin variant lawaš olmalıdır, amma ona nədənsə 1698-ci il ilə 1908-ci illər arasındakı erməni mətnlərində və ya sözlüklərində rast gəlinmir və biz bu barədə faktları araşdırmamızın I hissəsində açıqlamışdıq. Halbuki lawaš sözünə türkcə mətnlərdə, ən azı, XIII əsrdən etibarən rast gəlinir! Üstəlik, bu söz Türküstan və Volqaboyundan Balkanlara qədər bütün türk dilləri və ləhcələrində qədim dövrlərdən geniş yayılmışdır!

1698-1908-ci illər arasında çap olunan erməni sözlüklərində və deməliki, həm də erməni leksikasında hər hansı bir լաւշ (lawš) sözünə rast gəlinmir. Halbuki, bununla bağlı, erməni tərəfi Hraçya Martirosyanın 2008-ci ildə çapdan çıxan erməni dilinin etimoloji sözlüyündəki məqaləni qaynaq göstərir. Yəni lap yaxınlarda işıq üzü görən sözlüyə. Lavaş sözünün etimologiyası haqqında lüğət məqaləsində guya orta erməni dilində լաւշ (lawš) sözünün mövcud olduğunu iddia edən bu müəllif də, öz növbəsində, yenə də köhnə yox, 1975 və 1987-ci illərdə çapdan çıxan erməni dilli sözlüklərə istinad edir [1, s. 304-305]. Onlardan fərqli olaraq, biz köhnə məktəbə aid erməni dilinin klassik biliciləri və filoloqları tərəfindən hazırlanan və 1698-1908-ci illər arasında çap olunan erməni sözlüklərinə istinad edirik.

Maraqlıdır ki, orta erməni dilində türk, fars, ərəb, yunan və b. dillərdən minlərlə alınma sözlər olsa da, müasir erməni dilçiləri bunu, hansı səbəbdənsə, unudur və lavaş sözünün erməni dilində alınma söz olması ilə razılaşmırlar. Bir daha təkrar edirəm: erməni dilinin 1698-1908-ci illər arasında çapdan çıxan və araşdırmamızın I hissəsində istinad etdiyimiz 18 sözlüyünün heç birində լաւշ (lawš) sözü bircə dəfə də olsun işlədilmir. Sözlüklərdə lawaš və ya lawš sözləri barədə lüğət məqaləsi, ümumiyyətlə, yoxdur. Doğrudur, bəzi sözlüklərdə լօշ (loš) sözü barədə məqalələr var. Məsələn, Matias Bedrosyanın lüğətində (1875-79) bu söz duzsuz kökə siklamen (Alp bənövşəsi) bitkisinin adı kimi göstərilir [2, s. 268]. Lusinyanın 1872 və 1881-ci il lüğətlərində bu söz çörək siklamen kimi tərcümə edilir [3, s. 365]. 1837-ci ilə aid erməni-italyan sözlüyndə isə loş sözünün artıq 3 anlamı var – çörək, siklamen iflas olma [4, s. 647]. Təbii ki, loş sözü erməni dilinin klassik ermənidilli sözlüklərində də qeyd edilir. Bir qrup erməni filoloq tərəfindən 1836-cı ildə tərtib olunan lüğətdə də bu söz siklamen kökə anlamlarındadır [5, s. 1053]. Mxitar Sebastasinin izahlı lüğətində loş sözünə nazik, yumşaq çörək kimi izah verilir [6, s. 362].

İstənilən halda, Orta əsr erməni ədəbiyyatında loş sözü təkcə nazik yayılmış çörəyə tətbiq edilmir, həm də siklamen bitkisinin adıdır. Sözlüklərin birində isə bu sözün hətta müflis olma kimi tərcüməsi də təqdim edilir ki, onun erməni mənşəli olduğunu sübut etməyə çalışan erməni dilçiləri buna diqqət yetirmirlər. Halbuki, loş sözünün göstərilən üç fərqli anlamı artıq lošnazik çörək sözünün erməni leksikasında alınma olmasına dəlalət edən faktdır.

Burada həmçinin ermənilər tərəfindən göstərilən mənbə və orta çağ qaynaqlarına dayanaraq yalançı istinadlara diqqət yetirmək lazımdır. Vikipediyada Yeremi Meqretsinin 1698-ci ilə aid sözlüyünə istinad edilərək, guya orada lawaš, lawš və ya loš sözlərinin nazik çörək mənasında açıqlandığı bildirilir. Lakin məsələ ondadır ki, 1698-ci ildə çapdan çıxan həmin sözlükdə bu sözlərdən heç biri yer almamışdır [7, s. 132-134]. Yəni orada lawaš, lawš ya loš sözləri haqqında sözlük məqalələri yoxdur bu səbəbdən Yeremiya Meqretsi öz sözlüyündə həmin sözlərin tərifini açıqlamasını verə bilməzdi. Başqa sözlə, bu sözlüyə istinad, əslində, dezinformativ yanıltmadır. Oxucuların əsas kütləsinin göstərilən ermənicə qaynaqları onların dilində oxuya bilməyəcəyinə və anlamayacağına əmin olan ermənilər növbəti dəfə ardıcıl şəkildə yalana, qondarma və təhrif olunmuş faktlara əl ataraq, oxucuları və tədqiqatçıları aldadırlar.

Yeremia Meqretsinin tərtib etdiyi erməni dilinin izahlı lüğətinin səhifələri (1698 il)
L hərfi ilə başlayan sözlər. (böyütmək üçün şəklin üzərinə kursorla vurun)

dictionary_lavash2 dictionary_lavash1

Hraçya Açaryanın 1926-ildə çap olunan erməni dilinin etimoloji lüğəti ilə bağlı da oxuculara yalan məlumat verilir. Ermənilərin iddialarına rəğmən, bu sözlükdə də lawaš, lawš, lavaš, lasözlərilə bağlı lüğət məqalələri yoxdur [8, s. 285]. Loş sözü haqqında lüğət məqaləsində isə bu söz lavaş siklamen kimi izah edilir [ıbıd, s. 297].

İndi isə çox önəmli bir məqama diqqət yetirməyə dəyər. Məsələ ondadır ki, erməni əlifbasında -o saitini bildirən iki hərf var. Biri klassik -Ոո, digəri isə sonradan əlavə edilən -Oo hərfidir.

Erməni orfoqrafiyasında loşլօշ sözünün yazılışında məhz sonradan əlavə edilən -o hərfindən istifadə olunur. Erməni dilçisi Tumanyanın sözlərinə görə, bu hərf, həmçinin Ֆֆ-f hərfi ilə birgə erməni əlifbasına XII əsrdən sonra əlavə edilmişdir [9, s. 17]. Dilçi, Qafqazşünas, ermənişünas akademik Nikolay Marrın sözlərinə görə isə, «o hərfi erməni əlifbasına çoxdan, ortaq qənaətə görə, XII-XIII əsrlərdən əlavə edilsə də, onun göstərilən mənası yalnız yaxın tarixdə qərarlaşmışdır. XVI-XVII əsrlərə aid əlyazmalarda o tez-tez աւ əvəzinə işlədilir ki, bu zaman həmin աւ aw kimi tələffüz edilir» [10, s. 10]. Yəni bu hərf —o saiti kimi yalnız XVI-XVII əsrlərdən sonra tam bərqərar olmuşdur.

Tumanyan və Marrın sözlərindən aydın olur ki, erməni leksikasın tərkibində -o hərfi olan bütün sözlər, minimum, XII-XIII əsrlərdən sonra meydana çıxmışdır. Çox güman ki, həmin hərflər erməni dilinin leksikasındakı yeni alınma sözlər üçün daxil edilmişdi. Qeyd etmək lazımdır ki, loşլօշ sözü Orta əsrlərə aid cəmi bir neçə erməni mətnində işlədilir. Belə mətnlərdən biri «Girk vastakots» (çalışmalar kitabı) adlanan əkinçiliyə aid vəsaitdir. Kitabın yazılma tarixi dəqiq müəyyənləşdirilməyib. Erməni tərəfi kitabı X-XIII əsrlərə aid etsə də, yalnız XII-XIII əsrlərdən sonra yeni daxil olunmuş o və -ֆ hərflərinin işləndiyi sözlərin bolluğu onun daha sonrakı dövrə aid olduğunu sübut etməklə, ermənilərin iddiasını istisna edir. Kitabın pdf formatda təqdim olunan müasir versiyasında loşլօշ sözü yalnız bir dəfə 305-ci fəsildə işlənir [11]. Mən isə mətndə yeni daxil edilən ֆ hərfinin işləndiyi 98, -o hərfinin olduğu, təxminən, 1000 söz saymışam. Bu faktlar kitabın daha sonrakı dövrdə meydana çıxdığını göstərir, çünki mətndə yeni hərflərin işləndiyi sözlərin və ümumiyyətlə, ədəbi-qrammatik yeniliyin belə bol olması üçün ədəbi dil müəyyən inkişaf dövrünü keçməlidir. Xüsusən əhalinin çox cüzi hissəsinin savadlı olduğu Orta əsrlərdə belə bir zaman kəsimi bir neçə əsrə bərabərdir. Əlifbaya XII-XIII əsrlərdə yeni hərflər daxil edilən kimi mətnlərdə dərhal bu hərflərin işləndiyi külli miqdarda sözün meydana çıxması imkansızdır.

Bundan başqa, «Girk vastakots» mətnində -o hərfinə söz əvvəlində 100 dəfədən çox rast gəlinir. Nikolay Marrın qeyd etdiyinə görə isə, bu hərf həmin mövqedə yalnız XVI-XVII əsrdən sonra bərqərar olmuşdur. Başqa sözlə, «Girk vastakots» kitabı, əslində, son dönəm Orta əsrlərin məhsuludur, erməni tərəfi isə onu X-XII əsrlərə aid əsər kimi qələmə verməyə çalışır.

Belə qəsdən təhrif etmə və erməni əsərlərinin süni şəkildə qədimləşdirilməsi faktları külli miqdardadır. Ümumiyyətlə, tarixi erməni mətnlərində yeni daxil edilən —o və —ֆ hərflərinin olması, üstəlik, hansısa əsərdə bol bol işlədilməsi erməni xronoqrafiyasının lakmus kağızı, yəni özünəməxsus «yalan detektorudur». Bu hərflərin bol olduğu hər hansı erməni mətnini XIII əsrdən əvvələ aid etmək mümkünsüzdür. Əgər «Girk vastakots» mətnində sözün əvvəlindəo hərfinə 100 dəfədən çox rast gəlinirsə, bu əsər, ən yaxşı halda, XVII əsrə aiddir, çünki XVI-XVII əsrlərə qədər söz əvvəlində —o saiti üçün ո hərfi işlədilirdi. XVII əsrdən etibarən indiyə qədər bu hərf söz əvvəlində artıq -vo kimi oxunur.

loşլօշ sözünə Qriqorii Tatevlinin (XIV-XV) və Minas Tokatlının (XVI-XVII) mətnlərində də rast gəlindiyi qeyd edilir. Əvvəla, qeyd etmək lazımdır ki, Qriqori Tatevlinin dünyəvi adı türkcə Xutluşah (qutlu şah, həmd olunmuş şah) idi onun həyat hekayətindən türk mənşəli olduğu məlum olur. Hansısa türkün erməni-qriqorian kilsəsinə mənsub olması heç təəccüblü sayılmamalıdr. Əslində, müasir ermənilər müxtəlif etnik köklərə malik prozelitlərin (yeni dindaşların) xələfləridir. Odur ki, Qriqori Tatevli ya Mxitar Əyrivənglinin əsərlərində türkcə sözlərin var olması heç təəccüb doğurmamalıdır. Minas Tokatlı da Toqatda – əhalinin böyük əksəriyyətinin türk olduğu yerdə doğulmuşdur. Sonralar o, Ukraynada türk-erməni, həm erməni-qıpçaq adlandırılanların koloniyasının məskunlaşdığı Kamenetskə köçmüşdü. Onun əsərlərində türk dillərindən alınmalar olmasına da təəccüblənmək lazım deyil.

Bir də qeyd edilir ki, təxminən, 40 pəhləvi sözünün izahının verildiyi Orta əsrlərə aid «Vartan kitabı» ermənicə izahlı lüğətdə də loš sözünə rast gəlinir. Həqiqətən, bu sözlükdə pəhləvi dilindəki kašken sözü loš kimi tərcümə edilir [12, s. 273]. Erməni tərəfi bu kitabı da XI-XII əsrlərə aid edir. «Vartan kitabı» izahlı lüğəti həcmcə «Girk vastakots»dakı kimi böyük olmasa da, burada da yeni daxil edilən -o və -ֆ hərflərinin olduğu sözlər çoxdur. Bu kiçik həcmli kitabda, təxminən, 30 söz -o hərfi ilə başlanır ki, bu da yenə kitabın Orta əsrlərin sonuna aid olduğuna dəlalət edir.

Gördüyümüz kimi, türkcə lawaš sözünün fonetik təhrifi olan loš sözünün işləndiyi bəzi erməni əsərləri, əslində, Orta əsrlərin son dövrünə aiddir ki, bu zaman erməni mətnlərində artıq çoxlu sayda türkizmlər yer almışdır.

Sonda bir daha təkrar edək ki, Orta əsrlərə aid ermənidilli mətnlərdə lawšlawaš sözləri yoxdur. loš şəklində təhrif olunmuş halda isə, məhz ermənilərin daha erkən əsərlər kimi qələmə verməyə can atdıqları, lakin Orta əsrlərin sonlarına aid mətnlərdə qeydə alınır. loš sözündə erməni əlifbasına daha sonrakı dövrdə daxil edilən -o hərfinin olması da bu sözün erməni leksikasında gec yer almasına dəlalət edir.

Bundan başqa, müasir erməni dilçiləri nəyə görəsə erməni dilində başqa dillərdən külli miqdarda alınma sözlərin, o cümlədən çoxlu türkizmlərin olduğunu unudurlar. Elə həmin «Vartan sözlüyü»ndə salar və ya aparasan kimi türk sözləri var. Bu isə artıq o deməkdir ki, erməni mətqlərində rast gəlinən bütün sözlərin mənşəyini heç də erməni-hay dili prizmasından nəzərdən keçirmək doğru olmaz və hər hansı bir sözə erməni etimologiyası verməzdən əvvəl onun mənşəyini aydınlaşdırmaq zəruridir. Orta əsrlərdə erməni-hay dili hətta qriqorian kilsəsinin tərəfdarı olan ermənilərin özlərinin də arasında o qədər də yayılmış deyildi. Bir çox erməni üçün bu dil kilsə-mərasim dili idi. Məsələn, ərəb dili vüsəlman türklər, kürdlər, tatlar üçün olduğu kimi. Yəni erməni-hay dilinin təsir dairəsi hətta qriqorian kilsəsinin tərəfdarları arasında belə məhdud idi. Erməni-hay dilinin türk dilində, demək olar ki, bir iz qoymaması da bununla izah olunur. Azərbaycan ədəbi türkcəsində bircə dənə olsun erməni dilindən alınma söz yoxdur! Üstəlik, lavaş sözünün türk dilinin yayıldığı bütün arealda işləndiyini də nəzərə alsaq, Qafqaz, Kiçik Asiya, Türküstan, Volqaboyu, Balkan türklərinin həmin sözün erməni dilindən alaraq mənimsədiklərini təxmin etmək gülünc olar.

Araşdırmamızın I hissəsində göstərdiyimiz kimi, XVII-XIX əsrlərə və XX əsrin əvvəllərinə aid erməni sözlüklərində lavaş və ya lavş sözü haqqında lüğət məqaləsi yoxdur. Səbəbi – müasir erməni dilçilərindən fərqli olaraq, o dövrlərin erməni dilçiləri və filoloqları erməni leksikasında lavaş sözünün alınma olduğunu dəqiq bilirdilər.

Araşdırmamızın II hissəsində biz lavaş sözünün türkcə etimologiyasını təqdim etmiş, onun laylanmış qida, və ya laylanmış, təbəqələnmiş, qat-qat halında yeyinti, yastı laylanmış qida kimi açıqlandığını bildirmişdik. Yəni lavaş sözü heç də həmişə sırf nazik yayılmış un məmulatına aid edilməmiş, həmçinin nazik yayılan, qat-qat, incə təbəqəli bir çox qida məhsuluna, hətta əşyalara da aid olmuşdur. Biz erkən türk mətnlərində lavaş çörəyinin türkcə daha autentik şəkli olan yuyğa, yuvğa, yuqa sözlərinin olduğunu da qeyd etmişdik [13, s. 281-283].

Orxon runik türk yazılarında Bilgə Tonukuk (724-cü ildə vəfat edib) şərəfinə başdaşı yazısının mətnində atalar sözünə bənzər məcazi, alleqorik cümlədə yuyqa sözü yer almışdır:

Yuyqa əriklig toplağaly uçuz ərmiş, yinega əriklig üzgəli ucuz; yuyqa qalyn bolsar, toplağaluq alp ərmiş yincge.

Yəni:

Yuyqanı topalamaq asandır; hələ nazik olarkən qırmaq asan işdir; lakin yuyqa qalın olarsa, onu yığmaq igidlik olacaq [14, s. 104].

Hansısa kəlmənin atalar sözündə və ya folklordakı bədii hikmətli ifadədə işlənməsi üçün onun, sadəcə, autentik, yəni sırf o dilə aid olması şərt deyil. Həmin sözün dilin leksikasında uzun müddət iştirak etməsi də lazımdır. Qədim türk runik mətnində olan bu nümunə VIII əsrin əvvəlində Altay türklərinin lavaş çörəyi ilə tanış olduqlarının əyani nümunədir. Lakin yuyqa (nazik çörək) sözünün bir neçə dəfə işləndiyi bu ifadə həm də həmin sözün qədim mənşəyinə dəlalət edir, çünki işlənən bədii türk ifadələri yüzilliklər boyu, bəlkə də daha çox müddət ərzində təşəkkül tapır və dəyişməz qalırlar. Və təbii ki, nazik yayılmış çörək bişirilməsi texnologiyasını türklərin ermənilərdən əxz etdiklərini düşünmək gülünc olardı. Üstəlik, erməni mətnlərinin özündə nazik yayılmış çörəyə tətbiq edilən loş (lavaş) sözü yalnız XIV-XV əsrlərdən sonra Qriqori Tatevlinin və Minas Tokatlının mətnlərində meydana çıxır. Bu müəlliflər isə, ən azı, türkcə danışıq dili ilə yaxından tanış idilər.

 ______________

Annotasiyalar:

  1. Hrach K. Martirosyan ETYMOLOGICAL DICTIONARY OF THE ARMENIAN INHERTED LEXICON. Brill Academic Publishers, 2008.
  2. Matthias Bedrossian NEW DICTIONARY ARMENIAN ENGLISH . Venesiya. Əziz Lazar Erməni Akademiyası – 1875-1879.
  3. G. A. Nar Bey de Lusiginan ԲԱՌԳԻՐՔ ՀԱՑ-ԳԱ՚ՂՂԻԱՐԷՆ ԵՒ ԳԱ՚ՂՂԻԱՐԷՆ- ՀԱՅԵՐԷՆ (Baṛgirk hay-gaghghiarēn ew gaghghiarēn-hayerēn – erməni-fransız, fransız-erməni sözlüyü). Paris 1881.
  4. DIZIONARIO ARMENO-ITALIANO. I c. Venezia 1837.
  5. Q. Avetikyan, X Sivrmelean, M. Avqerean ՆՈՐ ԲԱՌԳԻՔ ՀԱՅԿԱԶԵԱՆ ԼԵԶՈԻԻ (NOR BAGİRK HAYKAZEAN LEZUII – Erməni dilinin yeni sözlüyü). Venesiya. 1836.
  6. Mkhitar Sebastatsi ԲԱՌԳԻՐՔ ՀԱՅԿԱԶԵԱՆ ԼԵԶՈԻԻ (BAŔGİRK‘ HAYKAZEAN LEZUI (HIN HAYKAZEAN BAŔARAN) – Erməni dili sözlüyü). Vol. I, Venetik1749.
  7. Eremiya Meqretsi ԲԱՌ ԳԻՐՔ ՀԱՅՈՑ (Bar Girk Hayots — Erməni dili sözlüyü). 1698.
  8. Raçya Açaryan ERMƏNİ DİLİNİN KÖK SÖZLƏRİNİN ETİMOLOJİ LÜĞƏTİ (Հայերէն Արմատական Բառարան). Erevan 1926.
  9. G. Q. Tumanyan DREVNEARMYANSKİY YAZIK (Əski Erməni Dili). Moskva 1971.
  10.  Nikolay Marr QRAMMATİKA DREVNEARMYANSKOQO YAZIKA (Əski Erməni Dilinin Qrammatikası). İzdanie Fakulğteta Vostoçnıx Yazıkov Sankt-Peterburskoqo Universiteta, 1903.
  11. Գիրք վաստակոց (Girk vastakots – Çalışmalar kitabı) http://khachik-aper.do.am/Girq_Vastakots.pdf
  12. Q. Qasparyan SREDNEEKOVIY SLOVAR «İSTORİİ VARTANA İ ARMYANSKOY VOYNI». İstoriko-filoloqiçeskiy jurnal AN ArmSSR — 1963, № 1.
  13. DREVNETÖRKSKİY SLOVARĞ, AN SSSR (ƏSKİ TÜRKCƏ LÜĞƏT). Leninqrad-1969.
  14. Hüseyn Namik Orhun ESKİ TÜRK YAZITLARI. İstanbul 1936.